Ağstafada 29 ədəd “Qrad” raketi aşkarlandı - FOTOLAR
Ağstafa rayonunda 29 ədəd “Qrad” raketi aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, sentyabr 3-də saat 10:38-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, 33-cü məhəllə ərazisində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, DİN-in və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ağstafa rayon şöbələrinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Ağstafa rayon Polis şöbəsinin və Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 29 ədəd 122 mm-lik “Qrad” raketi (9M22U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Şəffaflıq.az
Facebook-da paylaş