ABŞ-ın pandemiyadan başlıca itkisi – “Beynəlxalq səhnədəki liderliyinə son qoyub”


 

Koronavirus pandemiyası İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya düzəninə və Amerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq səhnədəki liderliyinə son qoyub. Bu barədə Fransanın «Le Monde» qəzeti yazır.

Məqalədə deyilir ki, dünya səhiyyəsindəki böhran Çinin beynəlxalq strukturlarda oynadığı rolun əhəmiyyətini nümayiş etdirdi və Avropanın birliyinə ciddi zərbə vurdu. Müəlliflər əmindirlər ki, gələcəkdə formalaşacaq dünya düzəninə təsir göstərə bilmək üçün Avropa İttifaqı (Aİ) öz quruluşuna yenidən baxmalıdır. Onlar düşünürlər ki, Covid-19 pandemiyası səbəbilə dünya düzəninin yaşadığı təlatümdən artıq bu gün bəzi nəticələr çıxarmaq olar.

Birincisi, jurnalistlərin qənaətincə, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın çətiri altında yaranmış dünya düzəni 21-ci əsrdə artıq dünyada real güc nisbətinə cavab vermir.

Qəzetin qeyd etdiyi kimi, mövcud dünya düzəni hələ koronavirus böhranına qədər dağılmağa başlayıb. Bəziləri hətta bu prosesin 1989-cu ildən - kommunist blokunun dağılmasından başlandığı qənaətindədir. Soyuq müharibənin sonu, SSRİ-nin yox olması və Çinin inkişafı dünya quruluşunun tarazlığını bir qədər pozdu. Məlumdur ki, bu tarazlıq ABŞ-SSRİ qarşıdurması üzərində qərarlaşmışdı.

İkiqütblü düzənin ardınca çoxqütblü qarma-qarışıqlıq gəldi. Dünyanın çoxtərəfli idarəetmə üsulu buna getdikcə daha pis uyğunlaşırdı.

Qəzet yazır ki, mövcud sabitliyin pozulmasında Çinin yüksəlişi açar rolunu oynayıb. Pandemiyanın təhlükəsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığının gecikməsi təşkilatın Pekindən asılılığının göstəricisi oldu. Virusun mənşəyi barədə bir-birinə yönəlik qarşılıqlı ittihamların fonunda, Çin-ABŞ rəqabəti kəskinləşdi. Müəlliflərin qənaətincə, tez-tez belə görünə bilər ki, bu güclər öz ölkələrində səhiyyə böhranı ilə mübarizə aparmaqdansa, qarşıdurmaya daha çox enerji sərf edirlər.

İkinci ibrət ondan ibarətdir ki, ABŞ bu gün artıq 20-ci əsrdə olduğu kimi, dünya lideri rolunu oynamır. Əgər son illər Vaşinqton getdikcə bu missiyadan yayınırsa, ölkəni zəif salan cari böhran amerikalıları bu roldan tamamilə çəkinməyə məcbur edib. İndi videoəlaqəyə əsaslanmış beynəlxalq görüşlərdə iştirak etmək üçün Donald Trampı dilə tutmaq lazım gəlir. Axı, bu görüşlərdə o, sədrlik etməyə borcludur. 

Qəzetin yazdığına görə, hətta baş tutan bu iclaslar da nəticə vermir, BMT Təhlükəsizlik Şurası isə mahiyyətcə, iflic vəziyyətindədir.

Avropanın birliyi də koronavirusun hücumuna davam gətirə bilmədi.

Pandemiya qarşısında «əliyalın» qalaraq, qabağı görməyi bacarmayan Avropa İttifaqı pandemiyadan ən çox zərər çəkən ölkələrə dəstək verə bilmədi. «Dövlətlərin eqoizmi və sərhədlərə qayıtma Avropanın iki sütununu təhlükə altına aldı: Şengen zonasını və vahid bazarı».


Birləşmiş Ştatlar tərəfindən tərk edilmiş, Çinin iddia obyekti və Rusiya ilə gərgin münasibətdə olan Avropa hələ də çoxtərəfli yanaşmaya inanır.

Müəlliflər yazırlar ki, əgər o, daha etibarlı və ədalətli dünya düzəninin yaradılmasına təsir göstərmək istəyirsə, öz iqtisadiyyatına, həmrəyliyinə və əzminə yenidən baxmalıdır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}