Azərbaycanda qonaq evlərinə yeni dəstək mexanizmləri yaradılacaq


Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır.

Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, bu məsələ "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın layihəsində öz əksini tapıb. Agentliyin hazırladığı layihədə turizm sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

"Dövlət Proqramının layihəsi hazırda aidiyyəti üzrə son razılaşma mərhələsindədir. Proqram təsdiq edildikdən sonra nəzərdə tutulan dəstək mexanizmləri barədə daha ətraflı məlumat veriləcək", – deyə qurumdan bildirilib.

Hazırda isə kənd qonaq evlərinin dəstəklənməsi istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. Bunlardan biri "Turistik kənd" layihəsidir. Layihə ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planından irəli gələn tapşırıqlar əsasında, Dövlət Turizm Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində icra olunur. Əsas istiqamətlərdən biri kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsidir. Bununla yanaşı, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsi və özünüməşğulluq imkanlarının genişləndirilməsi hədəflənir.

Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramının "Aqroturizm" zərfi üzrə indiyə qədər 12 kənd qonaq evi müvafiq avadanlıqlarla təchiz edilib. Onlardan 2-si Qusar rayonunun Laza, 3-ü Qaxın Sarıbaş, 6-sı İlisu, 1-i isə Qəbələnin Duruca kəndində yerləşir.

Agentlikdən qeyd edilib ki, bu dəstək kəndlərdə mövcud turizm potensialından daha səmərəli istifadəyə, qonaq evlərinin xidmət imkanlarının və keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Eyni zamanda, layihə yerli əhalinin gəlir imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatı ilə turizm fəaliyyətlərinin əlaqəli inkişafına, regionlarda sahibkarlıq və özünüməşğulluğun artırılmasına töhfə verir.

"Report" ötən gün Azərbaycanda qonaq evlərinin dövlət tərəfindən dəstəklənməsi imkanları ilə bağlı araşdırma dərc edib. Araşdırmada ekspert və deputatlar qonaq evlərinə birbaşa subsidiyaların verilməsi, güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, vergi güzəştlərinin tətbiqi, tanıtım dəstəyinin artırılması və xidmət standartlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}