Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
Şimali Koreya lideri Kim Çen In "Kan Kon" esminesini ziyarət edərək gəminin dəniz sınaqlarını yoxlayıb və ölkənin dəniz qüvvələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Şimali Koreyanın "Rodonq Sinmun" qəzeti məlumat yayıb. Səfər zamanı Kim Çen In heyətin fəaliyyətini yüksək qiymətləndirib, gəminin kruiz və yüksək sürətli manevr imkanlarından məmnunluğunu bildirib. Şimali Koreya lideri dəniz komandanlığına sınaqları tez bir zamanda başa çatdırmağı və "Kan Kon" esminesi ilə yanaşı, 5000-ci "Çve Hyen" hərbi gəmisini də istismara verməyi tapşırıb. Kim Çen In həmçinin müharibənin qarşısını almaq və sülhü qorumaq üçün quruda, dənizdə və havada hərbi imkanları gücləndirməyin vacibliyini bildirib. O, donanmanın döyüş hazırlığının artırılmasının nüvə müharibəsinin qarşısının alınması strategiyasının vacib elementi olduğunu bildirib.
Facebook-da paylaş








