Vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasında dəyişiklik son oxunuşda qəbul edilib
Milli Məclis vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasında dəyişikliyi sonuncu oxunuşda qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib. Qeyd edilib ki, layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək. Qüvvədə olan qanuna əsasən isə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilirdi. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Facebook-da paylaş








