Gürcüstanda sabiq baş nazir və keçmiş baş prokurorun evlərində axtarış aparılıb
Gürcüstanda sabiq baş nazir və keçmiş baş prokurorun evlərində aparılan axtarış nəticəsində külli miqdarda pul və sənədlər götürülüb. Şəffaflıq.az xəbər verir ki, Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli səkkiz şəxsin evlərində axtarış aparılıb. Bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze Prokurorluqda keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, axtarışlar nəticəsində müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul götürülüb: "Cinayət işlərinin ictimai əhəmiyyəti və marağı nəzərə alınaraq ictimaiyyətə məlumat vermək istərdim ki, Gürcüstan Baş Prokurorluğunun İstintaq Bölməsində, Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə və Dövlət Təhlükəsizliyi Departamentlərində aparılan bir neçə istintaq çərçivəsində bu gün səhər saat 10:20-də genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat zamanı sabiq baş nazir İrakli Qaribaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli olan səkkiz nəfərin mənzillərində və şəxsi obyektlərində axtarış aparılıb, külli miqdarda pul vəsaiti götürülüb". Baş prokuror əlavə edib ki, araşdırmalar hazırda fəal şəkildə davam etdirilir və istintaqın gedişi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.
Facebook-da paylaş
