Türkiyə və Azərbaycan, yoxsa Ermənistan?

 
"ABŞ Prezidenti Co Bayden qondarma "erməni soyqırımı" ilə bağlı səsləndirəcəyi müraciətdə "soyqırım" ifadəsi işlədərsə, ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə mənfi təsir göstərəcək".
Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

Politoloq bildirib ki, Azərbaycan və Türkiyənin əhəmiyyəti ABŞ üçün kifayət qədər çoxdur:
"Aydındır ki, bu, ermənipərəst mövqeyini açıq, nümayişkarcasına göstərmək deməkdir. Amma iş orasındadır ki, hansı formada bunu deyəcək, deyəcəkmi? Sual olaraq hələlik qalır. Hələ ki, bu barədə qəti fikir söyləyə bilmərik.
Əslində ABŞ-ın Cənubi Qafqaz regionunda mühüm planları, maraqları var. O maraqlar Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçir. Belə ki, Türkiyə Yaxın Şərq regionunda yeganə tərəfdaşdır, NATO ölkəsidir. Digər tərəfdən Azərbaycan üzərindən Əfqanıstana mühüm starteji nəqliyyat yolu keçir. Hansı ki, ABŞ indi o yoldan istifadə edir. 2018-2019-cu illərdə hətta bu yolun infrastrukturunun təkmilləşdirilməsi üçün ABŞ tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Yəni, bu o deməkdir ki, Azərbaycanın əhəmiyyəti ABŞ üçün kifayət qədər çoxdur. Azərbaycandan enerji dəhlizləri də keçir, hansı ki, Amerikanın regiondakı maraqlarını təmin edir. Bu o deməkdir ki, regionda Azərbaycan və Türkiyə ilə münasibətlər Amerika üçün önəmli məsələlərdir.
Düzü, Baydenin "erməni soyqırımı" ilə bağlı səsləndirəcəyi müraciətdə "soyqırım" ifadəsi işlədəcəyi ehtimalları var. Keçən il ABŞ Konqresi məlum qətnamə qəbul etmişdi. Orada qondarma soyqrımla bağlı konkret bəndlər var. Ola bilər ki, Bayden o qətnaməni yada salaraq "soyqrım" ifadəsini işlətsin. Çünkü qətnamədə məhz bu ifadə yer alıb. Amma müstəqil olaraq ola bilər ki, deməsin. Bütün hallarda bu Amerika üçün, Türkiyə və Azərbaycanla münasibətlər baxımından mənfi haldır və ABŞ maraqlarına ciddi təsir göstərəcək. Amma digər tərəfdən başqa maraqlar da var, ABŞ o maraqlardan kənar fəaliyyət göstərə bilməz. Ona görə də bu məsələ heç də birmənalı görünmür. Heç də istisna etmək olmaz ki, Bayden ümumiyyətlə bu ifadədən vaz keçəcək".
Təhməz Əsədov
Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}