Neft Fondundan büdcəyə transfert azalıb


 

2021-ci ilin birinci rübündə Azərbaycan dövlət büdcəsinin gəlirləri 5 milyard 736,4 milyon manat, xərcləri 5 milyard 523,7 milyon manat təşkil edib.

Şəffaflıq.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə rübün yekununda büdcəcə 212,7 milyon manat profisit yaranıb.

Birinci rübdə büdcə gəlirləri rüblük proqnoza qarşı 23,5 milyon manat və ya 0,4 faiz çox icra olunub. Gəlirlərin 2 milyard 85,7milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edib. Bu, proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 milyon manat və ya 2,2 faiz çoxdur. Həmin vəsaitin 72,2 faizi və yaxud 1 milyard 507 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 milyon manat və ya 7,9 faiz çoxdur.

2021-ci ilin 1-ci rübündə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 158,6 milyon manat və ya 20,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115,0 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon manat və ya 5 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 milyon manat daxil olub ki, bu da proqnoza nisbətən 48,4 milyon manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39,0 milyon manat və ya 2 dəfə çoxdur.

Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin 1-ci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz az, yəni 2 milyard 513,7 milyon manat istifadə edilib.
Beləliklə, Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin birinci rübündə dövlət büdcəsində 212,7 milyon manat məbləğində profisit yaranıb.

Bu ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 milyard 414,8 milyon manat proqnoza qarşı 5 milyard 523,7 milyon manat və ya 102,0 faiz icra edilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 269,1 milyon manat və ya 5,1 faiz çoxdur.

2021-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 4 milyard 20,5 milyon manatı və ya 72,8 faizi cari xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 194,9 milyon manat və ya 5,1 faiz çox), 1 milyard 105,7 milyon manatı və ya 20,0 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,0 milyon manat və ya 7,8 faiz çox), 397,5 milyon manatı və ya 7,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 48,0 faizi və ya 2 milyard 651,6 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 milyon manat və ya 5,2 faiz çoxdur.

2021-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 6 milyard 968,8 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 458,6 milyon manat və ya 26,5 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5 milyard 921,3 milyon manat icra olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 milyon manat və ya 3,6 faiz çoxdur.

İcmal büdcədə 1 milyard 47,5 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}