Siyavuş Novruzovdan deputatlara ÇAĞIRIŞ - "Hər birimiz əsgər kimi..."
Şəffaflıq.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdırmırlar:
“Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışaraq, bu məsələləri öz adlarına çıxmaq istəyirlər”.
O bildirib ki, Azərbaycan Prezidentinin şəhid ailələrinə ayırdığı birdəfəlik yardımla bağlı məsələdə də bunun şahidi olduq:
“Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Lakin bir qrup Azərbaycan əleyhinə işləyən qüvvə, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istəyirlər. Halbuki, ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, proseslər gedirdi. Bütün ölkələrin təcrübəsini öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Bir qrup xaricdə oturan, bu gün böhtan kampaniyası aparanlar bu addımları öz adlarına çıxıb, əhalini çaşdırmağa çalışırlar”.
S. Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar:
“Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiyaya verərək problemlərin aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verir. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin təminatı, onların irəli çəkilməsi məsələlərinə önəm verilir. Biz hər birimiz əsgər kimi bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. İnsanlara atılan addımların dövlətin strategiyası olduğunu başa salmalıyıq”.
Facebook-da paylaş