“Bu, Rusiyanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini göstərir” - Ekspert

 

Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya səfəri həm regionumuzun, həm də Rusiya-Azərbaycan münasibətlərinin, eləcə də Azərbaycanın özünün siyasət tarixi üçün önəmli hadisədir. Səfər bir daha göstərdi ki, Rusiya-Azərbaycan münasibətlərinin xarakteri bütünlükdə regiondakı sülhün, təhlükəsizliyin, əmin-amanlığın və rifahın əsas şərtlərindən biridir. Eyni zamanda Rusiya-Azərbaycan əlaqələri hətta Avrasiya məkanında gedən proseslərə təsir göstərmək gücündədir.

Şəffaflıq.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Mehriban Əliyevanın səfər çərçivəsində keçirdiyi görüşlərdə iki ölkə arasında münasibətlərin bütün spektrini əhatə edən məsələlər ətrafında müzakirə aparıldı: “Buna həm indiyə qədər Rusiya-Azərbaycan münasibətlərinin inkişaf yoluna yekun baxış şəklində yanaşmaq, həm də bundan sonrakı inkişaf perspektivlərinin müəyyənləşdirildiyi məqam kimi də baxmaq olar. Görüşlərdən sonra müxtəlif KİV-lərə verilən müsahibələrdə onlar Rusiya-Azərbaycan münasibətlərinin perspektivdə ən çoxdiqqətçəkən məsələləri ilə bağlı Mehriban xanımın fikirlərini öyrənməyə çalışdılar ki, iki ölkənin əlaqələri ən çox hansı istiqamətlərdə daha perspektivli görünür. Sözsüz ki, bu, Rusiyada siyasi isteblişmentin, dövlət elitasının Azərbaycanla münasibətlərə xüsusi önəm verməsinin əlamətidir. Gördük ki, rəsmi Moskva və Bakı arasında münasibətlərin daha da inkişaf etdirilməsi yolları Rusiyanın özündə də axtarılır. Belə olmasaydı, Rusiya prezidenti Azərbaycanın Birinci vitse-prezidentini belə yüksək və mötəbər səviyyədə qəbul etməzdi və onunla müzakirələr aparmazdı”.

Ekspert vurğulayıb ki, xüsusilə Rusiya ilə Azərbaycanın humanitar, iqtisadi sahədə əməkdaşlığı bu gün böyük məna və əhəmiyyət daşıyır: “Təcrübə göstərir ki, dövlətlərin arasında humanitar-mədəni sahədə əməkdaşlıq yaxşı olmayanda, başqa sahələrdə əməkdaşlığı inkişaf etdirmək mümkün olmur. Əksinə məsələn, iqtisadi, ticarət, investisiya, hərbi, texnoloji və sair sahələrdə münasibətlər nisbətən soyuq olanda humanitar və mədəni əməkdaşlığın dərin olmasının hesabına bu sahələri də inkişaf etdirmək mümkündür. Buna görə də Mehriban xanım hələ Moska səfərindən qabaq Rusiya-Azərbaycan münasibətlərində humanitar-mədəni əməkdaşlıq sferasının daha da dərinləşdirilməsinə xüsusi önəm verirdi. Moskvada aparılan danışıqlarda da yenə də əsas diqqət bu sahəyə yönəldildi, hiss olunur ki, Rusiya rəhbərliyinin özü də iki ölkə münasibətlərinin inkişaf etdirilməsində humanitar-mədəni əməkdaşlığın dərinləşdirilməsi istiqamətinə xüsusi önəm verirlər. Burada rus dilinə hörmət, rus dilinin inkişaf etdirilməsi sahəsində Azərbaycanda görülən işlər, Rusiya və Azərbaycanın vahid mədəni dəyərlərə bağlı olması, Rusiya mədəniyyətinin Azərbaycanda təbliğ olunması, Azərbaycan mədəniyyətinin Rusiyada təbliği, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və sair kimi rəngarəng tədbirlərlə mədəni-humanitar sahədə əlaqələrin dərinləşdirilməsinə Rusiyada da maraq var. Bir sözlə, Mehriban xanımın Moskvaya səfəri Azərbaycan-Rusiya münasibətlərinin tarixində indiyə qədərki yolun yekunu olmaqla bərabər, daha böyük və uzun müddət üçün yeni inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Xüsusilə də mədəni-humanitar sahədə daha geniş və yeni əməkdaşlıq dövrünün başlanğıcı qoyuldu”.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva 20-25 noyabr tarixlərində Rusiya Federasiyasında rəsmi səfərdə olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}