Leksikoqrafiyanın yeni uğuru

 

Məlumdur ki, leksikoqrafiya dilçiliyin müstəqil bir şöbəsi kimi lüğətlərdən, onların tərtibi prinsiplərindən, struktur və növlərindən bəhs edərək olduqca mürəkkəb bir prosesi əhatə edir. Dilçiliyin digər şöbələri kimi, lüğətçiliklə də məşğul olmaq çox böyük zəhmət, gərgin iş tələb edir.

Üstəlik, bu elə bir dilçilik sahəsidir ki, daha çox leksikologiya, etimologiya, semasiologiya, dialektologiya kimi dilçilik şöbələri ilə bilavasitə bağlılıq təşkil edir. Bu mənada bu sahədə aparılan istənilən tədqiqat linqvistik baxımdan çox böyük material verə bilir. Bu cəhətdən professor Mahirə Hüseynovanın “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” adlı tədqiqat əsəri mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün qeyd edək ki, əsər 2018-ci ildə professor C.Cəfərov və B.Xəlilovun elmi redaktorluğu ilə ADPU-nun mətbəəsində çap olunmuşdur. Qeyd edək ki, bu lüğətdə dörd yüz əllidən artıq yemək və içki adları tarixi-etimoloji, təsviri istiqamətdə linqvistik tədqiqata cəlb olunmuş, həmçinin həmin lüğəvi vahidlərin dialekt və şivələrdəki variantları, eləcə də Oğuz qrupu türk dillərində işlənmə xüsusiyyətləri göstərilmişdir. Onu da vurğulamaq yerinə düşər ki, tədqiqat işi lüğət olmasına baxmayaraq, öz elmi tutumuna, müəllifin izah və şərhlərinə, müqayisəli təhlillərinə əsasən bir monoqrafiya təsiri bağışlayır.

Lüğətdə öz əksini tapmış yemək və içki adlarının izahı zamanı müəllifin etimoloji təhlilə müraciət etməsi işin elmi dəyərini artırmaqla bərabər, etimoloji dilçilik üçün dil faktlarının verdiyi imkan daxilində müəyyən qədər material verir. Şübhəsiz ki, bu da tədqiqat işinin aktuallığını göstərən əsas amillərdən biri hesab olunmalıdır. Etiraf etmək lazımdır ki, müasir Azərbaycan dilçiliyində etimologiya dilçiliyin şöbələri arasında ən zəif etmiş şöbələrdən hesab olunur. Fonetika, orfoqrafiya, leksikologiya, morfologiya, sintaksis kimi bölmələrlə müqayisədə etimologiyaya dair aparılmış tədqiqatlar çox azdır. Dilçilik elmi bu aspektdən elə də inkişaf etməmişdir. Ona görə də etimologiya dair yazılmış istənilən elmi iş dilçilik elminin, xüsusən də etimoloji dilçiliyin inkişafı üçün böyük təkan rolunu oynayır. Bu cəhətdən də “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” yüksək qiymətləndirilməlidir. Ona görə ki, professor M.Hüseynova ayrı-ayrı adların izahı zamanı təkcə mövcud fikirləri verməklə kifayətlənməmiş, onların hazırlanma və istifadə qaydasını, etimoloji strukturu, mənşəyi, milli mənsubiyyəti kimi məsələləri də aydınlaşdırmışdır. Bu baxımdan tədqiqatçının “aş”, “lavaş”, “dolma” ilə bağlı fikirləri, həmin adların tarixi-linqvistik tədqiqi xüsusilə diqqəti cəlb edir. Belə ki, bu sözlərin izahı zamanı dialekt və şivə materialları yanaşı, M.Kaşğarinin lüğətinə istinad edilmiş, ayrı-ayrı türkoloqların əsərlərindən sitatlar verilmiş, müqayisəli təhlillər aparılmışdır. M.Kaşğarinin “Divani-lüğat it türk”, M.Şirəliyevin “Bakı dialekti”(1943), “Azərbaycan folklor antologiyası”(1968), “Təbriz folklor örnəkləri” (2003) kitabına istinad da bir elmi etikanın gözlənməsi, onun nəticəsidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, lüğət tərtib olunarkən professor əlifba üsulunu əsas götürmüş, baş sözlərə müvafiq yığcam, dəqiq, konkret lüğət məqalələri vermişdir. Təbii ki, bu da lüğətçilik sahəsində zəruri hesab olunan vacib məqamlardan hesab olunur.

Bundan əlavə, lüğətdə öz əksini tapmış lüğəvi vahidlər, dəqiq desək, yemək və içki adlarının yaranma yol və üsulları müəyyənləşdirilmiş və nəticədə “semantik üsulla formalaşmış xörək və içki adları”, “morfoloji üsulla formalaşmış xörək və içki adları” və “sintaktik üsulla formalaşmış xörək və içki adları” olmaqla 3 qrupda təsnif olunmuşdur. Lüğət təsviri dilçiliyin nailiyyətlərinə əsaslansa da, bəzi məqamlarda tarixilik əsas götürülmüş, tarixi-etimoloji təhlillər, linqvistik müqayisələr öz əksini tapmışdır. “İkdük”, “yörkəmənc”, “talkan”, “buxsum”, “buxsı”, “çivgin”, “katma”, “kayak” və s. kimi arxaikləşərək dilin arxaik lüğət fonduna keçmiş onlarla sözün izahı ilə bağlı verilən şərhlər buna bir nümunədir.

M.Hüseynova bu lüğətdə təkcə yemək və içki adlarının mənasını, onların, bir növ, reseptini, hazırlanma qaydasını verməmiş, eyni zamanda həmin sözlərin mənşəyinə aydınlıq gətirmiş, bu qrupa mənsub olan sözlərin 90 fazinin türk kökənli sözlərdən ibarət olduğu qeyd etmişdir.
Fikrimizcə, bu lüğət müəllifin elə öz sözləri ilə desək, “filoloji lüğətlərin yaradılması üçün mühüm bir baza rolunu oynayır”. Bizə belə gəlir ki, lüğət leksikoqrafiya, etimologiya sahəsində mövcud boşluqları müəyyən qədər doldurmaqla yanaşı, gələcək yeni elmi tədqiqatlara yol açacaq, həmin tədqiqatlar üçün bir mənbə, elmi qaynaq funksiyasını daşıyacaqdır.

Müəllifə belə bir əsər ərsəyə gətirdiyi üçün təşəkkür edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar diləyir, zəngin elmi nailiyyətlər arzulayırıq!

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}