Səudiyyə, BƏƏ və İranın dəstəklədiyi qüvvələr arasında parçalanan Yəmən - BƏƏ-nin ərəb koalisiyasından çıxarılması tələb olunur
Şəffaflıq.az xəbər verir ki, Yəmənin Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hökuməti prezident Abd Rabbuh Mənsur əl Hadidən Birləşmiş Ərəb Əmirliklərini dörd il bundan əvvəl Yəmən hökumətinin qiyamçılarla mübarizəsinə kömək eləmək üçün yaradılmış ərəb koalisiyasından çıxarmasını tələb edib.
“RİA Novosti” saytına müsahibə verən Yəmən nəqliyyat naziri Saleh əl Cabvani deyib: “Hökumət özünün dünənki açıqlamasında dünən baş verən hadisələrə görə bütün məsuliyyəti BƏƏ-nin üzərinə qoyub və BƏƏ-nin ərəb koalisiyasında iştirakını dayandırmağı tələb edib”.
Onun sözlərinə görə, hazırda hökumət siyasi, humanitar, insan hüquqlarının pozulması, gizli həbsxanaların yaradılması, ölkənin suverenliyinin pozulması, onu bölmək cəhdləri ilə bağlı BƏƏ-yə qarşı dosya hazırlayır və həmin sənədləri beynəlxalq təşkilatlara və məhkəmələrə təqdim eləmək niyyətindədir.
O, Əbu-Dabi hakimiyyətini Cənubi Yəməndə ölkənin həmin hissəsini ayırmağı tələb edən Keçid Şurası yaratmaqda ittiham edib. Əl Cabvani deyib: “BƏƏ baş verən hadisələrə görə, birinci və axırıncı dərəcəli məsuliyyət daşıyır”.
Səna şəhərinin İranın dəstəklədiyi Husilər tərəfindən ələ keçirilməsindən sonra ölkənin ikinci paytaxtına çevrilmiş Səna şəhərində avqustun 7-də Abd Rabbuh Mənsur əl Hadi hökumətinin qüvvələri ilə separatçılar – Cənubi Yəmən Keçid Şurasının tərəfdarları arasında toqqquşmalar baş verib. Şuraya tabe olan “Təhlükəsizlik qurşağı” qüvvələri Ədəndə hərbi bazaları, dövlət müəssisələrini və prezident sarayını ələ keçiriblər. döyüşlərdə 40 nəfər həlak olub, 260 nəfər yaralanıb.
Ötən cümə axşamı isə BƏƏ-nin dəstəklədiyi qüvvələr Səudiyyə Ərəbistanının təzyiqi ilə Ədəndəki dövlət müəssislərini hökumətin nəzarətinə qaytarmağa başlayıblar. Lakin, həmin ərəfədə razılaşmaya rəğmən, Cənubi Yəmənin Keçid Şurasının qüvvələri Yəmən hökumətinin ölkənin cənubundakı Abyan rayonundakı hərbi polisinin bazasını nəzarət altına alıblar. Toqquşma nəticəsində altı Yəmən hərbçisinin həlak olduğu, bir neçəsinin yaralandığı bildirilir. Bundan başqa, bir nəfər dinc sakin toqquşmaların qurbanı olub.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda məskunlaşan Hadi hökuməti BƏƏ-ni separatçılara hərbi yardım göstərməkdə ittiham edir və Əbu-Dabini (BƏƏ) dərhal bu yardımı dayandırmağa çağırır.
Separatçılar Cənubi Yəmən Keçid Şurasını 2017-ci ilin may ayında yaradıblar. Onların lideri həmin tarixdən bir qədər əvvəl prezident Abd Rabbuh Mənsur əl Hadi tərəfindən Ədən əyaləti valisi vəzifəsindən çıxarılmış Aydarus əz-Zübeydi olub.
Facebook-da paylaş