Umud Mirzəyev Nobel Sülh Mükafatı laureatı ilə görüşüb
Beynəlxalq Fvrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Banqladeşə səfəri çərçivəsində Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşüb. Şəffaflıq.az xəbər verir ki, görüş zamanı BAMF və "Yunus Mərkəzi" arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, sosial biznes yanaşmasının münaqişədən zərər çəkmiş icmaların sosial-iqtisadi inkişafına töhfəsi, eləcə də gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Professor Məhəmməd Yunus BAMF-ın dəvəti və təşkilatçılığı ilə Azərbaycana etdiyi ilk səfərini, BAMF-ın baş ofisində keçirilən "Kasıbların Bankiri" kitabının geniş təqdimatını, ADA universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində olan görüşlərini, Nizami Gəncəvi mərkəzinin dəvəti ilə və COP29 zamanı olan səfərlərini məmnunluqla xatırladığını bildirib. O, ölkə başçısı Prezident İlham Əliyev ilə olan görüşlərini xüsusilə qeyd edib və ilk səfərdən sonra Azərbaycanla bağlı yaranan xoş təəssüratlarının yaddaqalan olduğunu vurğulayıb. Bundan başqa U. Mirzəyev "Yunus Sosial Biznes Mərkəzi" və Grameen bankın birgə təşkilatçılığı ilə "Sosial biznes: parçalanmış dünyada sülhün dili" adlı 2026-cı il 16-cı Sosial Biznes Gününə həsr olunan beynəlxalq konfransda iştirak edib. Grameen bankının 50 illiyi və Nobel Sülh Mükafatı laureatı, sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunus və Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi münasibətilə təşkil edilən konfransda Umud Mirzəyev "Qlobal çağırışların həllində yeni texnologiyaların rolu" adlı panel müzakirəsində əsas çıxışçılar arasında yer alıb. O, çıxışında müasir texnologiyaların sosial təsir imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə maarifləndirmə, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ yanaşmaların tətbiqindən danışıb. Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi, mina təhlükəsi ilə mübarizə, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə də məlumat verib.
Facebook-da paylaş








