Azərbaycanın dünyada tanınması - Bu gün həmin mühüm hadisədən 100 il keçir...

 
Nəsiman Yaqubıu
Tarix elmləri doktoru

Bu gün tariximizin ən mühüm günlərindən biridir-Azərbaycan Cümhuriyyətinin dünyaya tanıdılması günüdür.Bu münasibətlə Cümhuriyyət qurucularının bəzi fikirlərini oxucuların diqqətinə çatdırıram

Ə.M.Topçubaşovun fəaliyyəti
Ə.M.Topçubaşovun 1919-cu ilin 6-10 noyabr tarixli göndərdiyi məktubda yazılıb: “...Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq il yarımdan bəri bir dövlət kimi faktiki mövcudluğumuzu bildirir, öz parlamenti, hökuməti, inzibatçılığı, məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu, Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi özümüzün müstəqil ictimai-siyasi və iqtisadi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanıram ki, buna gücümüz çatacaq. Çünki xalqımız,doğrudan da, qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Çünki biz artıq şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik.
Qarşımızda yalnız bir yol var − bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur! Bu yolu təhlükəsiz şəkildə keçmək üçün ilk növbədə ölkənin daxili vəziyyətini sahmana salmaq və möhkəmləndirmək zəruridir. Ölkənin özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət zəruridir. Ümumi mənafelərə qayğı və onlara sevgi hissi ilə yanaşmaq zəruridir. Dövlət mənafelərini qorumaq yolunda xalqın mütəşəkkilliyi və birliyi zəruridir. Azərbaycan yalnız öz daxili həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki daxilən güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkaredilməz bir fakt kimi tanınmış olacaqdır. Daxildə dövlətçilik baxımından möhkəmləndikdə o, xaricdən gələn hər cür təhdidə layiqli cavab vermək üçün fiziki və mənəvi qüvvə əldə edəcəkdir.
Biz əminik ki, hökumət özünün mövcud qüvvələrini dövlət quruculuğunun bütün sahələrində Azərbaycanın daxili vəziyyətinin möhkəmləndirilməsinə sərf edəcəkdir. Biz hökumətimizdən onun məhz ölkənin daxili həyatını nizama salmaq yolunda atdığı hər yeni addım, verdiyi hər yeni sərəncam barəsində xəbərlər almaq arzusu ilə yaşayırıq. Hökumət yalnız bu yolla indiki vaxtda xalqın rəğbətini qazanmaq, eyni zamanda bizim də müstəqil dövlətçilik şəraitində yaşamağa qabil olduğumuzu nümayiş etdirmək iqtidarına malikdir. Yalnız daxildən güclü Azərbaycanın mövcudluğu şəraitində Nümayəndə Heyətinin buradakı fəaliyyətinin səmərə verəcəyinə ümid bəsləmək olar. Nümayəndə Heyəti isə öz növbəsində qarşıya qoyulan məqsədə çatmaq yolunda hər cür fədakarlığa hazırdır”.

F.X.Xoyskinin parlamentdə çıxışı
Azərbaycan Parlamentinin 1920-ci ilin 14 yanvarında Paris Sülh konfransı tərəfindən Azərbaycan istiqlaliyyətinin tanınmasına həsr olunmuş təntənəli iclasında F.X.Xoyski çıxış etdi və bu sözləri söylədi: “Möhtərəm məbuslar! May ayının 28-də, 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdir. Məlum etməklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dörd həqiqət özünün istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməyə vadar oldu”
     
N.Yusifbəylinin Bayram tədbirində çıxışı
1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.
Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi. O, dedi: “Camaat, bu bayram sizin öz arzunuz nəticəsidir. İlyarım əvvəl siz azad və müstəqil olmaq istədiniz və bu ilyarımın müddətində öz dolanışığınız və rəftarınızla bütün aləmə isbat etdiniz ki, siz müstəqil bir hökumət olmağa layiqsiniz. Hətta özünüzü elə nəzərə verdiniz ki, düşmənlərimiz də bu istiqlalı təsdiq etməyə məcbur olub, bu günü təsdiq etdilər. Ola bilər ki, bizdən də mədəni, bizdən də müstəid, bizdən də əvvəl və bizdən də artıq bu istiqlalın arzusunda olanlar vardır. Lakin onlar bu səadətə nail olmamışdırlar. Sizin bu az bir vaxtda bir hökumət təşkil edib də müstəqil olmağınıza layiq və qadir olmanız, özünüz imtahan verib isbat etdiyinzdən xudavəndi-təbarəkdən sizin üçün səadətlər diləyirəm”

M.Ə.Rəsulzadə mühüm tarixi hadisə haqqında
 
M. Ə. Rəsulzadə bu münasibətlə yazırdı: “Cumhuriyyətlərin dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə  Gürcüstanda xalq günlərlə şadlıq nümayişləri keçirdi”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}