Beynəlxalq mədəni əlaqələr dövlət siyasətinin prioritetlərindəndir

 

Azərbaycan dövləti hazırda dünyada gedən siyasi, iqtisadi, mədəni proseslərdə layiqincə təmsil olunur. Son illər milli mədəniyyətimizin dünyada təbliği istiqamətində aparılan siyasət ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanınmasında əhəmiyyətli rol oynayır. Hazırda beynəlxalq münasibətlərdə cərəyan edən proseslər sübut edir ki, hər bir dövlətin dünya birliyində rolu və yeri hərbi, iqtisadi, geosiyasi, diplomatik uğurları ilə yanaşı, mədəni resursları, dünya ictimaiyyətinə göstərə biləcəyi təsir imkanları ilə də müəyyən edilir. Həmin resurslar ənənəvi milli kimliyimizi, mədəni dəyərlərimizin özünəməxsusluğumuzu qorumaqla yanaşı, ümumdünya mədəni proseslərinə uğurlu inteqrasyia olunmaq üçün baza rolunu oynayır. Faktiki olaraq Azərbaycanı dünya birliyi tanıdıqca tamamilə fərqli yöndən dəyərimiz daha da artır. Belə ki, Şərq tarixində ilk dramaturji əsərlərin yazılması, ilk opera əsərinin meydana gəlməsi, ilk peşəkar teatrın yaradılması, ilk dövlət rəsm qalerayasının açılması, ilk müasir standartlara cavab verən universitetin açılması və digər amillər Azərbaycanın böyük bir dəyəridir.

Mədəniyyətimizin aşdığı sədlər

Beynəlxalq mədəni əməkdaşlıq, çoxtərəfli mədəni əlaqələr hər bir dövlətin xarici siyasət sahəsində müəyyənləşdirdiyi strategiyanın həyata keçirilməsinin mühüm formasıdır. Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşdiyindən, milli mədəniyyətimiz hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirmişdir. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə Şərq və Qərb ölkələrinin bizim mədəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil.

Bu gün Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də ayrı-ayrı ölkələr Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından maraqlanırlar. Beynəlxalq festivallarda, konfrans və seminarlarda Azərbaycan incəsənət nümunələri nümayiş olunur, eləcə də belə tədbirlərdə incəsənət xadimləri iştirak edir, ölkəmizin mədəni nailiyyətlərini dünyaya tanıdırlar. ABŞ, Kanada, Rusiya, Fransa, Avstriya, Almaniya, Çin, Yaponiya, Misir, Qətər, İtaliya, İspaniya, Cənubi Koreya, Polşa, Belçika, İngiltərə, Ukrayna, Türkiyə, İsveç, Belorus, Qazaxstan, Özbəkistan, Yunanıstan, Bolqarstan, Finlandiya, İsveçrə  və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri son illər davamlı xarakter almışdır.

UNESCO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı, bu təşkilatın xətti ilə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, əlaqələrin getdikcə genişlənməsinin bariz nümunəsidir. Söz yox ki, Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi də böyük etimadın nəticəsidir. Eləcə də onun təşəbbüsü ilə beynəlxalq miqyasda keçirilən bir çox mədəni tədbirlər sayəsində müasir dünya mədəni sisteminin ən nufuzlu xadimləri də Azərbaycanla yaxından tanış olur və ölkəmizin nüfuzunun artmasında onların zamanla rolunun dəyəri da güclənir.

Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə davamlı şəkildə beynəlxalq musiqi, teatr festivalları və müsabiqələri keçirilir. Bu festivallarda dünyanın məşhur sənət adamları – musiqiçilər, kino və teatr xadimləri, rəssamlar iştirak edirlər. Onların sırasında “Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı”, “D.Şostakoviç Festivalı”, “Q.Qarayev adına Müasir Musiqi Festivalı”, “Beynəlxalq Rostropoviç Festivalı”, “Karvan Beynəlxalq Musiqi Festivalı”, “Bakı Beynəlxalq Caz Festivalı”, “Qəbələ Beynəlxalq Musiqi Festivalı”, “Vokalçıların Bülbül adına Musiqi Müsabiqəsi”, “Karvan Beynəlxalq musiqi layihəsi”, “Beynəlxalq Teatr Konfransı”, “Beynəlxalq Teatr Festivalının İpək yolu mərhələsi”, “Muğam aləmi” Muğam Festivalı və başqa incəsənət tədbirlərinin keçirilməsi Azərbaycanın beynəlxalq mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərmiş, mədəniyyətlər arasında dialoqun genişlənməsində mühüm rol oynamışdır.

Mədəni əlaqələrin inkişafı dövlətlər və xalqlararası dostluğun simvoluna çevrilir

Beynəlxalq mədəni əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətində inkişaf dinamikası artmaqdadır. İkitərəfli mədəni əlaqələrin davam etdirilməsində bir çox ölkələrlə – Rusiya, Çin, Böyük Britaniya, Polşa, Türkiyə, Rumıniya, Yunanıstan, Bolqarıstan, İtaliya, eyni zamanda, postsovet məkanını təmsil edən respublikalardan Özbəkistan, Gürcüstan, Belorus, Moldova, Qazaxıstan, Qırğızstan, Ukrayna ilə mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişlər bağlanmışdır. Bu əməkdaşlığın əsas prioritetlərinə incəsənətin musiqi, təsviri sənət, memarlıq sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması daxildir.

Ölkəmiz hazırda beynəlxalq mədəni proseslərin fəal subyekti olaraq dünyada uğurla gerçəkləşdirilən bir çox mədəni proqram və layihələrin nəinki fəal iştirakçısı, həm də onların təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Dünya mədəni proseslərinə fəal qoşulmaqla Azərbaycan həm özünün milli mədəniyyətini mütərəqqi, ümumbəşəri ideya və dəyərlərlə zənginləşdirir, həm də dünya mədəniyyətinin inkişafına öz layiqli töhfələrini verir.

Mədəniyyət haqqında Azərbaycanın milli qanunvericilik sistemi beynəlxalq mədəni əlaqələrin inkişafını, milli mədəniyyətin xaricdə yayılması və təbliğini, mədəni sərvətlərin qorunması sahəsində beynəlxalq əməkdaşlığın inkişafını, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin yaradılmasını, onların mədəni və mənəvi ehtiyaclarının ödənilməsini, ümumiyyətlə beynəlxalq mədəni əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Beynəlxalq mədəni əməkdaşlıq mədəniyyət, incəsənət, elm, təhsil, kütləvi informasiya vasitələri, gənclər mübadiləsi, idman, turizm, nəşriyyat, muzey, kitabxana işi və sair  sahələrdəki əlaqələr, həmçinin müxtəlif ictimai təşkilatlar, yaradıcılıq qurumları, ayrı-ayrı şəxslər arasında əlaqələri özündə birləşdirir.

Son dövrlər Mədəniyyət Nazirliyi beynəlxalq mədəni əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan nümayəndə heyəti, demək olar ki, əksər xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak edir. Bu tədbirlərdə təkcə mədəniyyətimizin təbliği deyil, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemlər barədə də ətraflı məlumatlar verilir.

Mədəniyyət sahəsində əsas prioriteti maddi və qeyri-maddi irsin qorunması təşkil edir. Bu, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələdir. Dövlətimiz tarixi baxımdan maddi və mənəvi mədəni  mirasımızın nümunələrinin qorunması, onların dünyada öz adı və ünvanı ilə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparır. Məhz bu uğurlu siyasətin nəticəsində Azərbaycanın bir sıra maddi-mənəvi sərvəti artıq UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

UNESCO ilə əməkdaşlıq və Azərbaycanın artan beynəlxalq nüfuzu

Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasında, beynəlxalq aləmdə tanıdılmasında Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu gün fond beynəlxalq səviyyədə mədəniyyətlər arasında dialoqda yaxından iştirak edir, mədəni əməkdaşlığın genişlənməsi məqsədi ilə bir sıra proqramların təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Fondun eqidası altında həm Azərbaycanda, həm də ölkədən kənarda bir sıra beynəlxalq forumların keçirilməsi bunun bariz nümunəsidir. “Heydər Əliyev Fondu”nun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə muğam, aşıq sənəti və başqa milli sərvətlərimiz UNESCO-nun “Şah əsərlər” siyahısına daxil edilmişdir. UNESCO ilə əməkdaşlıq çərçivəsində fondun dəstəyi ilə müxtəlif dünya şəhərlərində Azərbaycan teatrının, kinosunun, musiqisinin, mədəniyyətinin, elminin, ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinin təşkili, festivalların keçirilməsi və s. tədbirlər ölkəmizin mədəniyyətlərarası ünsiyyətin inkişafına verdiyi dəstəyin ifadəsidir. Bütün bunlarla yanaşı, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, eləcə də dünya xalqları tərəfindən tanınması üçün atılan digər addımlar beynəlxalq birliyin ayrılmaz bir parçası olduğumuzu ortaya qoyur. Son illərdə Azərbaycanda turizmin inkişafı və xarici ölkələrdən turist axınlarının artması kimi mühümn addımlar Azərbaycan mədəniyyəti ilə dünya xalqlarının canlı şəkildə tanış olması üçün geniş imkanlar yaradıbdır. Bu məqsədlə son illərdə milli mədəniyyətimiz, muğamlar, aşıq sənəti, tarixi mədəni abidələrimiz, ədəbiyyatımızla bağlı dünya xalqlarının dillərində çoxsaylı kitabların, albomların, katoloqların və digər vəsaitlərin dərc ediıməsi ölkəmizə gələn turistlər tərəfindən böyük maraqla qarşılanır.

Bakıdakı beynəlxalq tədbirlərdə dünya birliyinin iştirakı

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransın keçirilməsi mədəniyyətlərarası inkişafın tarixində mühüm hadisə oldu. 48 dövlət və 10 beynəlxalq təşkilat başçısının iştirak etdiyi konfransın Bakıda keçirilməsi dövlət rəhbərimizin dünyada mədəni əməkdaşlığın genişlənməsində Azərbaycanın rolunu daha da artırmaq istiqamətində göstərdiyi fəaliyyətin nəticəsi idi. “Bakı prosesi”nin 10 illik yubileyi də beynəlxalq miqyasda ölkəmizin mədəniyyət baxımından beynəlxalq miqyasda nüfuzunun artmasına xidmət etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə iki ildən bir keçirilən Mədəniyyətlərarası dialoq forumları, beynəlxalq humanitar forumlar ölkəmizin mədəniyyətinin dünyada tanıdılmasında və təbliğində əhəmiyyətli rol oynayır.

Bu gün Azərbaycan mədəni əlaqələrin genişlənməsi istiqamətində daha ciddi addımlar atır. Məqsəd milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin dünyada tanıdılması, təbliği və təşviqidir. “Yarat” Müasir İncəsənət Məkanının təşəbbüsü ilə son iki ildə Bakıda keçirilən “Beynəlxalq Teatr Festivalı”nın da nüfuzu artmaqdadır. Belə ki, Avropanın mədəniyyət paytaxtlarının teatrlarının Azərbaycan səhnəsində bir-birindən maraqlı tamaşalar oynaması ilə yanaşı həm də qərbli teatr xadimləri Şərqdə ən zəngin teatr ənənələrinin məhz Azərbaycana məxsus olmasının canlı şahidinə çevrilirlər. Onlar etiraf edirlər ki, Şərqin müsəlman ölkəsi sırasında yer alan Azərnbaycan mədəniyyəti, teatrı və özəlliklə mədəni mərkəzləri bu qədər zəngindir. Hətta Azərbaycan peşəkar teatrının 148 illik yaşı olduğunu öyrəndikdə heyrətə gəlirlər.

Bütün bu uğurların nəticəsi kimi, Azərbaycan artıq dünyanın ən nüfuzlu beynəlxalq mədəni tədbirlərinə xüsusi olaraq dəvətlər alır. Faktiki olaraq, beynəlxalq miqyasda təşkil olunan rəsm sərgiləri, folklor festivalları, klassik və müasir musiqi festivalları, kitab sərgiləri, elmi-praktik konfranslar və s. Azərbaycan dünya birliyinin bir parçası olaraq təmsil olunur. Hər il İtaliya, Almaniya, Rusiya və Fransada keçirilən beynəlxalq vokal ifaçılarının festivalında Azərbaycanın təmsil olunması və burada gənc ifaçılarımızın öz istedadlarını nümayiş etdirməsi isə, xalqımızın kübarlığının böyük bir nişanəsidir. Belə bir qiymət Şərq dövlətləri və xalqları arasında xüsusi olaraq müstəsnalıq təşkil edir.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}