İlqar Rəhimov: Azərbaycan Tokio Paralimpiya Oyunlarında böyük uğurla təmsil olunur

Azərbaycan Tokio Paralimpiya Oyunlarında böyük uğurla təmsil olunur. Bu münasibətlə mən bütün Azərbaycan xalqını təbrik edirəm.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Tokio Paralimpiya Oyunlarının dördüncü günündə idmançılarımızın parlaq qələbələrini şərh edərkən bildirib.
Tokioda Paralimpiya Oyunlarının növbəti gününün də paralimpiyaçılarımız üçün çox uğurlu olduğunu, günün dörd qızıl medal və bir dünya rekordu ilə başa çatdığını xatırladan AMPK prezidenti deyib: “Azərbaycan milli komandası çox böyük müvəffəqiyyətlə çıxış edir. Keçirilmiş yarışların nəticələrinə görə komandamızın hesabında 7 qızıl və iki bürünc medal var. Ümumi komandalar üzrə nəticələrə görə biz yeddinci yerdəyik. Bütün Tokio, bütün Yaponiya Azərbaycan idmanı haqqında danışır. Burada Azərbaycan idmançılarına çox böyük maraq göstərirlər. Arxada gördüyünüz bu möhtəşəm “Nippon Budokan” idman arenasında cüdo yarışları keçirilir. Bu gün burada cüdo üzrə yarışların son günüdür, artıq Azərbaycan millisi komanda hesabında birinci yeri özünə təmin edib. Burada bütün müxbirlər, bütün mətbuat yalnız Azərbaycan cüdoçularından danışır. Çox sevindirici haldır ki, burada bir neçə dəfə bizim himnimiz səsləndirilib, bayrağımız qaldırılıb. Burada Azərbaycan himninin möhtəşəmliyi, onun gözəlliyi haqqında danışırlar. Bizim himnimizi burada artıq əzbərləyiblər”.
Bu parlaq və möhtəşəm qələbələrin əldə edilməsində göstərilən qayğıya və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, bütün Azərbaycan xalqına təşəkkürünü bildirən İ.Rəhimov deyib: “Həqiqətən də Azərbaycanda idmanın inkişafı göz qabağındadır. Bu inkişafa görə biz ilk növbədə dövlətimizin başçısına minnətdarıq. Ən gözəl göstərici ondan ibarətdir ki, Prezident qalibləri öz tvitter səhifəsində şəxsən təbrik edib. Mehriban xanıma çox sağ olun deyirik ki, öz sosial şəbəkə səhifələrində paralimpiyaçılarımızı təbrik edib. Bu, o deməkdir ki, onların diqqəti daim buradadır, daim bizimlədir. Bu bizi daha da ruhlandırır, bizi qələbəyə sövq edir. Buna görə onlara təşəkkür edirik. Onları inandırırıq ki, qələbələr davam edəcək”.
AMPK prezidenti bildirib ki, idmançılarımız yarışların növbəti günlərində də uğur qazanmaq üçün əllərindən gələni edəcəklər: “Paralimpiya Oyunları davam edir və idmançılarımızdan yeni medallar gözləyirik”.
Xatırladaq ki, “Tokio-2020” Paralimpiya Oyunlarında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.
Vüqar Ağayev

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}