PREZİDENT BAŞ QƏRARGAHA YENİ RƏİS TƏYİN ETDİ – Döyüş generalı Kərim Vəliyev... + DOSYE

Prezident İlham Əliyev iyulun 23-də Kərim Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Qryd edək ki, general-leytenant Kərim Vəliyev Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə əsas namizədlərdən biri hesab olunurdu.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin ilk günlərində Nəcməddin Sadıkov gözlənilmədən Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılmışdı. Maraqlıdır ki, Baş Qərargaha yeni rəis təyinatı xəbəri ilə təxminən eyni vaxtda sosial şəbəkələrdə Nəcməddin Sadıkovun ölüm xəbəri də yayıldı. Bu xəbəri elə N.Sadıkov özü də təkzib etdi.
General-leytenant K.Vəliyev milli general korpusunun ən parlaq nümayəndələrindən biridir. O, həm Milli Ordunun şəxsi heyəti, həm də Azərbaycan cəmiyyəti arasında rəğbət duyulan generallardandır. 
44 günlük Vətən müharibəsini döyüş meydanlarında keçirən K.Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması xəbəri də sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.


Onu da qeyd edək ki, general-leytenant Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.
1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.
1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.
“Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
14.05.2014-cü il tarixdən Azərbaycan Prezidentinin sərəncamı ilə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
20.02.2019-cu il tarixdən Azərbaycan Prezidentinin sərəncamı ilə Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Onun Vətən müharibəsində də xidmətləri olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəlidir. İki övladı var.

Rasim ƏLİYEV

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}