İsmayıllıda “Hapıtlar” sənədli filminin təqdimatı olub
Şəffaflıq.az xəbər verir ki, geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulan bu sənədli filmin təqdimatı rayon mədəniyyət mərkəzinin akt zalında İsmayıllının Hacıhətəmli, Mollaisaqlı kəndlərində, respublikamızın paytaxtı Bakıda və Sumqayıtda yaşayan hapıt nümayəndələrinin iştirakı ilə reallaşıb. Təqdimatdan əvvəl iştirakçılar mədəniyyət mərkəzinin foyesində hapıtların əl işlərinin, folklor nümunələrinin, hapıt şair və yazıçıların əsərlərinin, hapıt milli mətbəxinin nümunələrinin sərgisi ilə tanış olublar.
Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov tolerant ölkə olan Azərbaycanda azsaylı xalqların, etnik qrupların öz mədəniyyətlərini inkişaf etdirmək, adət-ənənələrini qoruyub-saxlamaq üçün hər cür şəraitin olduğunu söyləyib.
Filmin ssenari müəllifi Qorxmaz Şıxalıyev, rejissor Vəli Səyyadi çıxış edərək ekran əsərinin ideya istiqaməti, bədii dəyəri barədə danışıblar.
Sonda Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn “Hapıtlar” sənədli filmi nümayiş etdirilib. Hapıtların yaşam tərzini, adət-ənənələrini, milli dəyərlərini özündə əks etdirən film maraqla qarşılanıb.AZƏRTAC
Facebook-da paylaş