Bu rayon və şəhərlərdə məhkəmə prosesləri təxirə salınır
Azərbaycanda sərt karantin rejiminin tətbiq ediləcəyi rayon və şəhərlərdə məhkəmə prosesləri təxirə salınır.
Ali Məhkəmədən verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilib:
Xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:
Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;
Azərbaycan Respublikasının Ali Məhkəməsində işlərə baxılması davam etdirilsin;
Həbsdə olan şəxslər barəsində apelyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işlərinə və digər materiallara baxılması təmin edilsin;
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;
Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin;
Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;
Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apelyasiya və kasasiya şikayətlərinin yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbulunu təmin etsinlər.
Şəffaflıq.az
Facebook-da paylaş