Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub
Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxt Buxaretdən sonra Rumıniyanın ikinci böyük şəhəri olan Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya ilə görüşü keçirilib. Bu barədə Azərbaycanın Rumıniya səfirliyindəki mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, invistisiya imkanları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub. Dan Ştefan Tarçeya Kluj-Napokada həyata keçirilən iri miqyaslı infrastruktur və sosial layihələr, şəhərin inkişafı istiqamətində görülən işlər, habelə gələcək inkişaf planları barədə Azərbaycan tərəfinə geniş məlumat verib. Elçin Yusubov öz növbəsində təmsil etdiyi bölgədə aparılan işlər barədə danışıb. O, 30 ildən artıq davam edən işğaldan sonra Azərbaycan torpaqlarının dövlət başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildiyi, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıtdığını, Qarabağın hər bir ərazisində aparılan tikinti, bərpa-quruculuq işləri barədə söz açıb. Prezidentin xüsusi nümayəndəsi məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının nəinki bütün Cənubi Qafqaz, Avropa, xüsusən Rumıniya ilə ticari və iqtisadi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Görüş əsnasında tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər. Şəffaflıq.az
Facebook-da paylaş








