Müəllimlərin işə qəbulu qaydalarında dəyişikliklər edildi
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edib.
Nazirlikdən verilən məlumata görə, müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacaq. Bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək.
Ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri cari tədris ilinin sonuna qədər qüvvədə qalacaq. Bu müddət ərzində ötən il keçid balı toplamış namizədlərə yeni yaranmış vakant yerlər təklif ediləcək. 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul olunmaq üçün 2020-ci ilin iyul ayında keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək zəruridir.
Vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcək. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şəraiti yaratmaqdır.
Əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.
Şəffaflıq.az
Facebook-da paylaş