Bu ali məktəbdə təhsil heç vaxt ödənişli olmayacaq - Komitə sədri
“Azərbaycan İlahiyyat İnstitutunda təhsil heç vaxt ödənişli olmayacaq”.
Şəffaflıq.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, hazırda İlahiyyat İnstitutunda həm Azərbaycan, həm də Gürcüstandan tələbələr oxuyurlar:
“İlahiyyat İnstitutunda təhsil ödənişsiz həyata keçirilir, bu, Nizamnaməsində də əksini tapıb. Bu İnstitut din sahəsində mütəxəssislər hazırlayır, bu İnstitutda heç vaxt ödənişli təhsil sistemi tətbiq edilməyəcək. Bunun da əhəmiyyəti odur ki, din sahəsində kadrlar dövlət hesabına hazırlanır, dövlətin himayəsi altındadır. İlahiyyat İnstitutunda oxuyan tələbələrin təqaüdü, geyimi, maddi təminatları ilə bağlı müxtəlif güzəştlər nəzərdə tutulub və həyata keçirilir. İnstitut kollektivi ötən dövrdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün böyük işlər görüb. Həm İlahiyyat İnstitutunun kadrlarının hazırlığı, həm İlahiyyat İnstitutunun, İslami dəyərlərimizin təbliği sahəsində böyük işlər həyata keçirilib. Prezident İlham Əliyevin göstərişi ilə İlahiyyat İnstitutu üçün ayrıca dördmərtəbəli yeni tikilmiş bir bina ayrılıb, orada təmir işləri həyata keçirilir. Hazırda İlahiyyat İnstitutu zamanında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin yerləşdiyi binada fəaliyyət göstərir, gələn il sentyabrdan Prezident İlham Əliyevin göstərişi ilə ayrılan yeni dördmərtəbəli binaya köçəcək. Yeni tikilmiş binada təmir işləri aparılır”.
Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutu ilə Türkiyə, Şimali Qafqaz, digər müsəlman ölkələri və Orta Asiyanın ali məktəbləri ilə müqavilələr imzalanıb, gələn ildən tələbə mübadiləsi həyata keçiriləcək:
“Biz həm İslami, həm mənəvi dəyərlərimizin qorunması istiqamətində mütəxəssis hazırlığımızı davam etdirəcəyik. İnstitutda gələcəkdə xristianlıq və yəhudiliklə bağlı dini kadrların hazırlığı üçün kurslar, tədris proqramlarına uyğun mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulub".
Facebook-da paylaş