Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır

 "Baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir.
Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir".
Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirin, hərəkət zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə nail olun. Yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkaqollu içki qəbul etməyin:
"Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin, nümunəvi sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olun.
Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.
Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}