Şamaxıda Azərbaycan satirik şeirinin ustadı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib
İyunun 12-də Şamaxıda Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, respublikanın tanınmış şair və yazıçıları, rəssamları, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilib.
Azərbaycan Yazıçılar Birliyi Şirvan bölgəsinin rəhbəri, yazıçı Orxan Fikrətoğlunun aparıcılığı ilə keçirilən konfransı giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri Anar görkəmli sənətkarın satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndirib, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulayıb və onun uşaq şeirlərindən nümunələr söyləyib.
Mirzə Ələkbər Sabir Fondunun rəhbəri, şairin nəvəsi Sevda Tahirli çıxışında elmi-praktik konfransın təşkilatçılarına təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib, ustad sənətkarın 160 illiyinə həsr olunan filmin çəkildiyini və filmdə sovet dönəmində Sabir yaradıcılığına yanlış yanaşmanın olduğunu söyləyib.
Konfransda çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçılar İlqar Fəhmi, Azər Turan, AMEA-nın nümayəndəsi Abid Tahirli, Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva və başqaları 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışıb, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açıb, damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün onun əbədi qürur mənbəyi olduğunu vurğulayıblar.
Facebook-da paylaş
