Bu gün 7 şəhər və rayonda müxtəlif növ imtahanlar keçiriləcək


 

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəranda əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilir.

Şəffaflıq.az xəbər verir ki, DİM-nin mətbuat xidmətindən verilən məlumata görə, imtahanlarda 32 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 76 imtahan binası, 1294 imtahan zalı ayrılıb. İmtahanın idarəolunmasına 76 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 1615 nəzarətçi-müəllim, 152 buraxılışı rejimi əməkdaşı (mühafizə), 76 bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanlarda 17012 abituriyentin iştirakı nəzərdə tutulur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}