Bakteriyaların fəaliyyətinə mane olan maddə
Antibiotik nədir? Bakteriyaların fəaliyyətinə mane olan maddə “antibiotic” adlanır. Antibiotiklər iki cür təsir göstərə bilər: onlar ya bakteriyaların artmasını dayandırır (bakteriostatik antibiotiklər), ya da bakteriyaları birbaşa öldürür (bakterisid antibiotiklər). Antibiotiklər bakteriyalar tərəfindən törədilən bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklərin arasında həyat üçün təhlükəli infeksiyalar (məsələn, meningit) və hətta adi problem sayılan sızanaq da var. Antibiotiklər viruslar tərəfindən törədilən qrip və ya soyuqdəymə kimi xəstəliklər zamanı istifadə olunmur, çünki antibiotiklər viruslara təsir göstərmir. Antibiotiklərə davamlılıq nədir? Bakteriya hər hansı bir antibiotikin təsirindən qorunma qabiliyyətini inkişaf etdirirsə, deməli, o, antibiotiklərə davamlılıq əldə edib. Yəni həmin antibiotik artıq bu bakteriyaya təsir göstərmir. İllər ərzində bir çox xəstəliklər törədən bakteriyanın müxtəlif antibiotiklərə davamlı olması antibiotiklərin həddindən çox və ya qeyri-düzgün istifadəsinin nəticəsidir. Antibiotiklərə davamlılığın yaranması çox narahatedici haldır, çünki mövcud olan bir çox antibiotiklər artıq bakteriyalara təsir göstərmir. Beləliklə də bakteriya mənşəli xəstəliklərin müalicəsi çətinləşir. Antibiotiklər barədə yanlış fikirlər və reallıq Yanlış fikir: Özümü yaxşı hiss edən kimi antibiotiklərin qəbulunu dayandıra bilərəm. Reallıq: Özünüzü yaxşı hiss etdiyinizə baxmayaraq, həkim tərəfindən təyin olunmuş antibiotiklərin qəbulunu davam etdirməlisiniz. Çünki müalicə kursunu tam bitirmədiyiniz halda, orqanizminizdə olan təhlükəli bakteriyaların bəziləri sağ qala bilər və bu, tərkar xəstələnməyinizə səbəb olar. Sağ qalmış bakteriyalarda antibiotiklərə davamlılıq yaranar ,bu isə həm sizin, həm də yoluxdurduğunuz insanların xəstəliyinin müalicəsini çətinləşdirər.
Aydan Xanım Rəhimova.
Facebook-da paylaş