İlin sonuna qədər bu reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır


 

“Reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və yeni reabilitasiya müəssisələrinin yaradılması işlərinin davamı kimi, 2019-cu ildə və 2020-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı, Yevlax, Naftalan, Lənkəran, Şəki, Şirvan, Xaçmaz Reabilitasiya mərkəzləri, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Bakı Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib”.

ƏƏSMN-dən verilən məlumata görə, ilin sonuna qədər isə Sumqayıt Reabilitasiya Mərkəzinin və Şağan Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra, Qəbələ və Şəmkir rayonlarında tikilən uşaq reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Beləliklə, 2020-ci ildə yaradılan və tikintisinə başlanan bərpa mərkəzləri reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayının iki dəfə artaraq 28 minə çatmasına imkan verəcək.

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı işlərinin davamı kimi, Nazirlik 2020-ci ilin 11 ayında da 10424 nəfər əlilliyi olan şəxsi 26 700-dək reabilitasiya vasitəsi, o cümlədən 900-ə yaxın əlil arabası ilə təmin edib. Onların bir çoxuna bu vasitələr yaşadıqları bölgələrə, bir qisminə evlərinə aparılaraq çatdırılıb.

Qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün işəgötürənlər tərəfindən kvota üzrə iş yerləri ayrılır. Bu il Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 2049 nəfər əlilliyi olan şəxsin məşğulluğunu təmin edib.

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında əlilliyi olan şəxslərə də üstünlük verilir. 2020-ci ildə də 1037 nəfər əlilliyi olan şəxs bu proqrama cəlb edilərək kiçik bizneslərini yaradıb. Daha 500 nəfər əlilliyi olan şəxsin Nazirliklə BMT İnkişaf Proqramının birgə layihəsi çərçivəsində biznes qurmaları üçün işlər davam edir. “İşsizin DOSTu” proqramı çərçivəsində də minlərlə əlilliyi olan şəxs əmək müqaviləsi əsasında işlərlə təmin edilib, Nazirliyin Peşə Reabilitasiya Mərkəzində isə hər il yüzlərlə sağlamlıq imkanları məhdud gənc yeni peşələrə yiyələnir.

Qeyd edilənlərlə yanaşı, əlilliyi olan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə, sanator-kurort yollayışları ilə təminatı, onların asudə vaxtlarının təşkili işləri də ildən-ilə genişlənir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}