Dünyada koronavirusla bağlı son durum: Rusiya üçüncüdür...

 

Hələ də vaksini tapılmayan koronavirus (Covid-19) dünyada can almaqda davam edir. Bəzi ölkələrdə bu virusa yoluxmanın ikinci dalğası yaşanır, bir qismində isə proses sönən xəttə keçib. Bu baxımdan dünyada koronavirusa yoluxmanın sayına görə ölkələr tez-tez bir-biriləri ilə yer dəyişirlər.

Son saatlarda yoluxma sayına görə şimal qonşumuz olan Rusiya dünyada 3-cü sıraya qədər gəlib. Əlbəttə ki, yoluxanların sayının müəyyənləşməsində keçirilən testlərin, müayinələrin də rolu var ki, Rusiya bu testlərin sayına görə dünyada ABŞ-dan sonra ikincidir (5 milyon 982 min 558 test Rusiya, 10 milyon 61 min 909 test Amerikada keçirilib).

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 4 milyon 399 min 70 nəfərdir. Ölənlərin ümumi sayı isə 296 min 92-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 644 min 398 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 458 min 580 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 45 min 899 nəfərinin vəziyyəti ağırdır.

Dünyada koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Lakin bu say, əvvəlki günlərlə müqayisədə iki dəfə aşağıdır. Hazırkı saata görə ABŞ-da indiyədək ümumilikdə 1 milyon 420 min 421 nəfər koronavirusa yoluxub. Son saatlarda 11 min 785 nəfər yoluxma, 928 nəfər isə ölüm halı qeydə alınıb. Bildirək ki, ABŞ-da əsas göstəricilər Bakı vaxtı ilə gecə saatlarında açıqlanır.

Növbəti sırada yer alan İspaniyada bu gün 1575 nəfər yoluxub, 184 nəfər ölüb. İspaniya dünya üzrə yoluxanların sayına görə ikinci olsa da, Avropada birincidir. Üçüncü sırada isə yuxarıda da qeyd etdiyimiz kimi qonşumuz Rusiyadır. Rusiyada bu gün 10 min 28 nəfər yoluxub, 96 nəfər isə dünyasını dəyişib. Dördüncü sıraya isə İngiltərə enib. İngiltərədə son saatlada 3 min 242 nəfər yoluxub, 494 nəfər ölüb. Siyahıda beşinci yerə enən İtaliyada bir neçə saat ərzində 888 nəfər yoluxub, 195 nəfər ölüb. İtaliyada bu göstərici ötən həftələrdən dəfələrlə aşağıdır.

Növbəti sıraya yüksələn Brazilyada son saatlarda cəmi 3 min 135 nəfər yoluxub, 231 nəfər isə ölüb. Fransa bu gün koronavirusa yoluxma sayı açıqlamayıb. Lakin bu ölkədə gün ərzində koronavirusdan 83 nəfər ölüb. Almaniyada isə 653 nəfər yoluxub, 54 nəfər isə ölüb. Almaniyada hər gün yoluxan və ölənlərin sayı fərqli olur. Ya artım, ya da enmə müşahidə edilir.

9-cu sırada qardaş Türkiyədir. Türkiyədə bu gün 1639 nəfər yoluxub, 58 nəfər isə ölüb. Digər qonşumuz İran isə siyahıda 10-cudur. İranda bu gün 1958 nəfər yoluxub, 50 nəfər isə ölüb.

Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkə siyahıda 11 -ci yerə qədər enib. Bu gün Çində 7 nəfər yoluxub, ölən isə yoxdur. Çində koronavirusa yoluxanların ümumi sayı, Amerikada bu virusdan indiyə qədər ölənlərin sayından azdır. Belə ki, bu zamana qədər Çində 82 min 926 nəfər koronavirusa yoluxub. ABŞ-da isə bu zamana qədər 84 min 353 nəfər koronavirusdan dünyasını dəyişib...

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}