Azərbaycan-Yunanıstan gömrük əməkdaşlığının perspektivlərinə dair Fəaliyyət Planı hazırlanacaq
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) Yunanıstanın Gömrük Administrasiyası ilə əməkdaşlığının əsas istiqamətlərini və konkret tədbirləri əhatə edən birgə Fəaliyyət Planının hazırlanmasını planlaşdırırlar. Şəffaflıq.az DGK-ya istinadən xəbər verir, bu barədə Afinada keçirilmiş Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində iki ölkənin gömrük təşkilatlarının nümayəndə heyətləri arasında təşkil olunan görüşdə bildirilib. Məlumata görə, Komitə sədrinin I müavini Bəhruz Quliyev və Yunanıstanın Müstəqil Dövlət Gəlirləri Qurumunun Gömrük və Aksizlər üzrə Baş Direktorluğunun rəhbəri Dimitrios Bourikosun rəhbərlik etdikləri nümayəndə heyətlərinin görüşündə qabaqcıl təcrübələrin bölüşdürülməsi, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə Yunanıstan gömrük sistemində son dövrlərdə həyata keçirilən təkmilləşdirilmələr, rəqəmsallaşmanın genişləndirilməsi, müasir texnologiyalardan istifadə etməklə risk və məlumat əsaslı gömrük idarəetmə modelinin formalaşdırılması, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib. Bu baxımdan Azərbaycan Gömrük Xidmətinin gömrük prosedurlarının müddətinin ölçülməsi və təhlili (TRS) sahəsində təcrübəsinin Yunanıstan tərəfi üçün maraq kəsb etdiyi, bu istiqamətdə təcrübə mübadiləsinin faydalı ola biləcəyi vurğulanıb. Həmçinin Azərbaycan tərəfinin TRS təcrübəsi, kinoloji xidmətin təşkili və inkişafı, Ümumdünya Gömrük Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq, eləcə də potensialın gücləndirilməsi sahəsində görülən işlər barədə məlumat verilib. Bundan başqa görüşdə hər iki ölkənin gömrük akademiyaları arasında əlaqələrin qurulması, səlahiyyətli iqtisadi operatorlarla bağlı təcrübə mübadiləsinin genişləndirilməsi, prioritet sahələr üzrə ekspertlərdən ibarət işçi qruplarının yaradılması istiqamətlərində müzakirələr aparılıb.
Facebook-da paylaş








