Cəmil Məlikov: "Yeni Yaşma" stansiyası Dövlət Agentliyinə məxsus olan layihə yaxud obyekt olmayıb"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin iyulun 16-da imzaladığı fərmanla Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.
2019-cu il 14 yanvar tarixində ölkə başçısının fərmanı ilə agentlik ləğv olunub.
22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyevin imzaladığı növbəti fərmanla isə ləğv edilən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bazasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.
Hazırda ləğvetmə prosesində olan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin keçmiş müavini və ləğvetmə komissiyasının üzvü Cəmil Məlikov müsahibə verib.
- Sizin fikrinizcə, Agentliyin ləğvi hansı səbəblərdən baş verdi və təhvil-təslim prosesi nə zaman yekunlaşaçaq?
- Bilirsiniz, bu islahatlar çərçivəsində həyata keçirilən tədbirlər idi. Bir neçə strukturlar birləşdi, ləğv olundu. Ümumilikdə 11 struktur dəyişdi. Biz də onun sırasında getdik.
Ləğvetmə prosesinə isə 2020-ci ilin sentyabrın sonunda başlamışıq. Bu boyda təşkilatın fəaliyyəti ilə bağlı aktivlərin təhvil-təslim işləri sadə iş deyil. Nəzərə alsaq ki, Dövlət Agentliyinin artıq işçiləri, bu dəqiqə hansısa məlumatı operativ şəkildə ortalığa çıxarmağa fiziki imkanı yoxdur. Ona görə də hansısa sualları cavablandırmaq üçün vaxt sərf olunur. Amma belə bir böyük təşkilatların təhvil-təslim işləri aylıq, 1 illik məsələ deyil. Ona görə də biz də ümid edirik ki, yaxın günlərdə son hesabatımızı əldə edəcəyik və dövlət tərəfindən sərəncamla təsdiqlənəcək.
- Cəmil müəllim, nə əcəb təzə komanda ilə işləmək istəmədiniz? Yoxsa təklif olmadı?
- Birinci növbədə bu bir çox səbəblərdən asılıdır. Biz köhnə komanda olaraq öz təhvil-təslim işlərimizi sona çatdırmalıyıq. Bir tərəfdən təhvil-təslim işləri ilə məşğul olub, o biri tərəfdən yeni qurumda təmsil olunmaq maraqların toqquşmasını yarada bilər. Ona görə də bizim əsas məqsədimiz Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin aktivlərini yeni yaradılmış təşkilata təqdim eləmək, təhvil-təslim işlərini sona çatdırmaqdır. Aktivlər addım-addım, hissə-hissə verilir. Yəqin ki, yaxın günlərdə prosesin yekunlaşması ilə bağlı dövlətin bu barədə sərəncamı da çıxacaq.
- Keçmiş Agentliyin rəhbərliyində sizdən başqa qurumun sədri Akim Bədəlov və digər müavin Nurəli Yusifbəyli təmsil olunurdu. Nurəli müəllim də artıq başqa bir yerə təyinat alıb. Bəs Akim müəllim nə edir?
- Akim müəllim, təhvil və ləğvetmə komissiyasının sədridir. Ləğvetmə prosedurlarını aparana kimi orada qalmalıdır.
- Təmsil etdiyiniz qurumun fəaliyyətini necə qiymətləndirirsiz? Çünki bir ara 2020-ci ilə qədər ümumi enerji qoyuluşunda alternativ və bərpa olunan enerjinin payının 20 %-ə çatdırılacağı deyilirdi. Amma sonradan bu barədə məlumatlar dayandı. Düşündük ki, yəqin proqnozlar özünü doğrultmayıb.
- Bu məsələlər “Strateji Yol Xəritəsi”ndə öz əksini tapmışdı. Nəzərdə tutulmuşdu ki, alternativ energetika sahəsinə təxminən 420 MVT güc qoyulmalıdır ki, verilən vədlərə, tələblərə və s. nail ola bilək. Belə bir məsələlər öz həllini tapdı. İki ərəb şirkəti – biri 240 MVT, digəri isə 230 MVT gücündə külək-günəş stansiyalarının tikilməsi haqqında dövlətlə müqavilə bağladılar. Hazırda hazırlıq işləri aparılır. 420 MVT nəzərdə tutulmuşdu, amma müqavilələr imzalandı 470 MVT-lıq. Biz 20 %-lik qoyuluş gücünü təmin etməliydik. Pandemiya, ola bilsin hazırlıq məsələlərini bir az uzatdı.
- Pandemiya 2020-ci ildən başlayıb. Amma ləğv edilən Agentlik isə ondan əvvəlki illərdə fəaliyyət göstərib. Sualım belədir, sizin rəhbər vəzifəsində çalışdığınız qurumda nə çatışmırdı ki, təzə yaradılan qurum o dəqiqə 470 MVT-lıq müqavilə bağlamağı bacardı?
- "Bizim agentlik nail ola bilmədi” demək olmaz. Çünki bizim Agentlik bütün o hazırlıq məsələlərini həll elədi. Ancaq 2016-cı ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi faktiki olaraq yoxa çıxmışdı.
- Niyə?
- Çünki Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə publik hüquqi şəxs statusu verilməli idi. Amma yaradılmadı və 2019-cu ildə qərar verildi ki, tamamilə ləğv olunsun.
Sizin dediyiniz məsələyə gələndə isə təzə qurum onu eləmədi. Çünki bu müqavilələr imzalanıb 2019-cu ilin yanvarında. Nə zaman ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğv olunması haqqında qərar verilib. Bütün bu imzalanma və s. məsələlər aparılıb nazirliklə, çünki başqa struktur yox idi. Nazirliyə o məsələlərlə bağlı ilkin məlumatları, yerləri, potensialları və s. hamısını hazırlayıb təqdim edib Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi.
Ona görə də siz fikir verdiniz ki, necə oldu biz belə bir müqavilələri hazırlaya bilmədik, amma təzə qurum bir ilin içərisində 470 MVT-lıq müqavilə imzaladı. Onların hamısı hazırlıq işlərinin aparılmasından, qanunvericilik bazasının təkmilləşməsindən və beynəlxalq əlaqələrin inkişafından və s. asılı olan məsələrdir. Təkcə bir qrup belə məsələlərin həlli ilə məşğul ola bilməz. Bu məsələlər kompleks həll olunmalıdır.
- Sizin rəhbərliyində təmsil olunduğunuz Agentliyin tərkibində "Yeni Yaşma" ərazisində yerləşən eyn adlı külək elektrik stansiyası var idi. Sonrada o, Dövlət Agentliyindən alınıb “Azərişıq” ASC-yə verildi. Sonra belə bir fikir yayıldı ki, Agentlik bu ərazini yaxşı işlədə bilməyib, ziyanla işləyib. Hətta “Azərişıq” elə ilk ildəcə həmin stansiyadan mənfəət əldə etməyə başlayıb. Doğrudanmı bu belədir?
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi dövlətin icra hakimiyyəti orqanı idi. İcra hakimiyyəti orqanı nəyin hesabına dolanır, yaşayır?
Büdcə hesabına.
- Büdcənin hesabına, düzdür?! Adıçəkilən külək elektrik stansiyasını da tikib-quraşdırmışdı Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi. Faktiki olaraq Beynəlxalq Bankın layihəsi idi. Yəni bu layihə heç vaxt Dövlət Agentliyinə məxsus olan layihə yaxud obyekt olmayıb. Amma dövlət bunu götürəndən sonra qərara gəldi ki, bunun istismarını, saxlanmasını, qorunmasını və s. bizim Agentliyə həvalə eləsin.
Bu avadanlığı işlətmək üçün pul xərcləmək lazımdır. Müraciət etdik ki, büdcədən bunun üçün bizə 25 mln manat vəsait ayrılsın. Qərara alındı ki, elektrik stansiyasını “Azərişığ”a verilsin. Çünki, “Azərişıq” üçün 25 mln, lap 50 mln manat problem deyil. Onun gündəlik gəliri var, milyonlarla dövriyyəsi var. Öz vəsaiti hesabına bu stansiyanı axıra çatdırıb işləməyini təmin etməyə qadirdir. Bax, problem burdadır. Biz büdcə təşkilatı olaraq belə bir obyekti təmir etmək texniki baxımdan mümkündür, amma maliyyə baxımından çətindir. Çünki hər bir addımımızı gərək büdcə ilə razılaşdıraq, büdcədən o pulu alaq. Büdcə də o pulu verəcək, ya verməyəcək bu da min dənə şərtdən asılıdır.
Faktiki vəziyyət hər şey iqtisadiyyatın səmərəliliyin və gəlirin əldə olunmasının üzərində olur.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}