Sentyabrın 15-i “Bilik günü” onlayn qaydada keçiriləcək


 

Sentyabrın 15-də ümumi təhsil müəssisələrində əyani şəkildə “Bilik günü” keçirilməyəcək. Bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov deyib.

Onun sözlərinə görə, buna səbəb Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən, təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməməsidir.

Ş.Əsgərov qeyd edib ki, “Bilik günü” onlayn qaydada baş tutacaq:

“Təhsil Nazirliyinin rəhbər işçiləri, təhsilverənlər və ekspertlər qoşularaq qısa təbriklərini çatdıracaqlar”.

O, həmçinin sosial məsafənin qorunması məqsədi ilə ibtidai sinif şagirdlərinin, xüsusilə də 1-ci sinfə gedəcək uşaqların yalnız bir nəfər tərəfindən məktəbə gətirilməsini tövsiyə edib: “Şagirdi məktəbə ya ata, ya ana, ya da nənə-baba gətirsin. Çünki çox adam məktəbə gələrsə, sosial məsafə saxlamaq prinsipi də pozulmuş olacaq. Ona görə də hər şagirdin yanında bir valideyn olması məqbuldur. Təbii ki, birinci sinfə təntənəli şəkildə getmək bayramdır, ancaq mövcud durumu da başa düşmək lazımdır”.

Təhsil eksperti eyni zamanda ibtidai siniflər üçün həftədə iki dəfə əyani formada dərsin effekt verməsinin hər kəs üzərinə ciddi vəzifə qoyduğunu qeyd edib: “Etiraf etmək lazımdır ki, bu şagirdlərin tədris proqramını mənimsəməsi baxımından bir qədər çətinlik yarada bilər. Ona görə də təhsilverəndən tutmuş valideynə qədər gərgin əmək sərf etməyə zəmin yaradır. Əvvəl məktəb bilik qazanmaq məkanı idisə, bu gün pandemiya şəraitində məktəb bir növ məkanlıqdan görüş yerinə çevrilir. Bu səbəbdən təhsilverənlər şagirdlərin əvvəlki bilik mənimsələri üçün pedaqoji baxımdan yeni üsullar axtarıb tapmalıdır”.

Xatırladaq ki, hökumətin son qərarına görə təhsil müəssisəsinin rəhbərləri və operativ nəzarət üzrə məsul şəxs (şəxslər) üçün müəssisədə sanitariya-gigiyena qaydalarına nəzarət, tədris və təlim-tərbiyə prosesinin idarə edilməsi, valideyn və təhsilalanlara dəstək mexanizmini əks etdirən təlimatlar hazırlanır və onlara çatdırılır. Valideynlər üçün COVID-19 virusu barədə zəruri informasiyanı, övladlarının təhsilinə dəstək üsullarını, eləcə də uşaqlara sosial-emosional yardımı özündə əks etdirən yaddaş kitabçası hazırlanır və elektron versiyada paylaşılır.

Qeyd edək ki, sentyabrın 15-də ibtidai siniflər üçün tədris əyani formada başlayacaq. Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Qərara əsasən ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir.

Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslər 45 dəqiqəlik olacaq. Orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}