Lukaşenko və oğlunun bir sıra ölkələrə girişinə qadağa qoyuldu
Latviya, Litva və Estoniya Belarusda prezident seçkisində saxtakarlıqlar və daha sonra etiraz aksiyalarının zorakılıqla yatırılması ilə əlaqədar bu ölkənin vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqinə qərar verib.
Şəffaflıq.az xəbər verir ki, 30 nəfərin adının yer aldığı siyahıda Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Aleksandr Lukaşenko da var.
Lukaşenko və sanksiya siyahısında adları olan digər şəxslərə Baltik ölkələrinə daxil olmaq qadağan edilir.
Siyahıda prezident Lukaşenkonun oğlu Viktor Lukaşenko, Belarusun Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina və daxili işlər naziri Yuri Karayevin də adı var.
Avropa İttifaqı ölkələri də Belarus rəsmilərinə qarşı sanksiya tətbiqi barədə razılığa gəliblər. Amma sanksiya siyahısına daxil ediləcək şəxslərlə bağlı fikir ayrılığı yaranıb. Bu siyahıya şəxsən Lukaşenkonun daxil edilməsi ilə heç də bütün Avropa İttifaqı ölkələri razılaşmırlar. Ona görə də Baltik ölkələri bu məsələdə müstəqil addım atmaq qərarı verib. Onlar Belarus hakimiyyətinə münasibətdə sərt tədbirlərin tərəfdarıdır.
Belarusda artıq üçüncü həftədir ki, prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar davam edir. Etirazçılar Lukaşenkonun saxtakarlıqla prezident seçildiyini bildirirlər.
Facebook-da paylaş