İcra başçısı: Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb - FOTO

 Ağsu rayonunda zəlzələdən ümumilikdə 48 evdə çatlar yaranıb.
Bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ənvər Seyidəliyev deyib.
Rayonun zəlzələdən zərər çəkən yaşayış məntəqələrində olan Ə.Seyidəliyev bildirib ki, hadisə nəticəsində ən çox Kalva və Dilman kəndlərindəki evlərə ziyan dəyib:
"Bu kəndlərdə ümumilikdə 45 evdə çatlar var. Bəzilərində köhnə çatlar olub və zəlzələ zamanı böyüyüb. Hadisə nəticəsində evlər o qədər təhlükəli vəziyyətə düşməsə də, müəyyən yerlərdə iri çatlar var. Hazırda ərazidə sakitlikdir, komissiya araşdırmalarını davam etdirir. Ailələrin köçürülməsi səviyyədə təhlükə yoxdur. Sadəcə çatlar olan evlərin təmirə ehtiyacı var. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar qəbul ediləcək".
İcra Hakimiyyəti başçısı bildirib ki, ilkin araşdırmalar zamanı Kalva və Dilman kəndlərində 45, Daşdəmirbəyli kəndində 2, Qaraqaşlı kəndində isə 1 evdə çatlar yaranıb.
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ baş verib. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.


 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}