Həbs olunmuş məmurların evindən çıxan milyonlar... – “Dövlət büdcəsinə qaytarılır”
İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun evində aparılan axtarış zamanı külli miqdarda pul vəsaitləri aşkar olunub. İcitmaiyyətə ötürülən bu görüntülər rezonans doğurmaqla bərabər geniş müzakirələrə və suallara yol açıb.
Suallardan biri keçmiş icra başçsının ələ keçirdiyi milyonlarla vəsaitin gələcək aqibəti ilə bağlıdır. Korrupsiya, mənimsəmə, rüşvətlə əldə olunduğu qeyd olunan pulların müsadirəsi, dövlətə qaytarılması necə həyata keçirilir?
Şəffaflıq.az "AzPolitika.info"-ya istinadən xəbər verir ki, Hüquq və İctimai İnkişaf Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov bildirib ki, məmur həbslərində aşkar edilən pullar mənimsəmə, rüşvət alma və digər vəzifə cinayətləri ilə əldə edilmiş vəsaitlər hesab edilir. Cinayət əməli ilə əldə edilmiş bu vəsaitlər müsadirə edilərək dövlət büdcəsinə qaytarılır.
Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev isə qeyd edib ki, büdcə təsnifatının gəlirlər hissəsində belə bir maddə var: "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar". Ekspert vurğulayıb ki, təcrübədə hələ ki, bu hal baş verməyib.
Xatırladaq ki, dövlət nəzarət orqanları - Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti açıqladıqları hesabatlarda yerli icra strukturlarının müxtəlif yollarla təyinatından yayındırılan büdcə vəsaitlərinin qaytarıldığı barədə məlumat verirlər. Hesablama Palatasının 2019-cu ili əhatə edən audit hesabatında korrupsiya yolu ilə ələ keçirilmiş 70 milyon manatdan artıq vəsaitin 21 milyon manatınınbüdcəyə ödənilməsinin təmin edildiyi bildirilib.
Facebook-da paylaş