Sosial şəbəkələrə uşaqlarla bağlı tənzimləmələr dövlətin uşaq müdafiəsi siyasətinin məntiqi davamıdır


Təhsil orqanlarının verdiyi məlumata görə, məktəb yaşlı övladı olan ailələrin böyük əksəriyyətində uşaqlar artıq sosial mediadan istifadə edir. Hər beş uşaqdan biri orta hesabla gündə beş saatdan çox bu platformalarda vaxt keçirir; YouTube, WhatsApp və TikTok ən çox istifadə olunanlardır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O qeyd edib ki, valideynlərin əhəmiyyətli hissəsi övladının sosial şəbəkə fəaliyyətinə real nəzarət edə bilmədiyini etiraf edir:

"Bu mənzərə fonunda dəyişikliklərin əhatə dairəsi kifayət qədər genişdir. Məktəbəqədər və ümumi təhsil pilləsində təxminən 1,5 milyon uşaq bu tənzimləmənin bilavasitə nəzərdə tutulan qrupuna daxildir.




Qanunvericilər və icraçı qurumlar layihəni qadağa kimi deyil, qoruyucu çərçivə kimi təqdim edir. Məqsəd uşaqları rəqəmsal mühitdən təcrid etmək deyil, onların yaşına uyğun olmayan məzmundan, kibertəhdiddən, bulinqdən, psixoloji təzyiqdən və zərərli çağırışlardan qorunmasını institusional səviyyədə təmin etməkdir. Layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə öyrənilib və yerli reallıqla uyğunlaşdırılıb".


Deputat vurğulayıb ki, qanunun tətbiqi üçün keçid dövrü nəzərdə tutulur: bu müddətdə yaş yoxlanılması üçün texniki mexanizmlər formalaşdırılacaq, tənzimləmənin tətbiq olunacağı konkret platformaların siyahısı müəyyənləşdiriləcək və cəmiyyətdə maarifləndirmə işi aparılacaq:

"Bu mərhələli yanaşma həm platformalara, həm də ailələrə yeni qaydalara uyğunlaşmaq üçün zaman verir və dəyişikliklərin formal qadağadan real qoruma mexanizminə çevrilməsini hədəfləyir.

Yekun olaraq, bu qanunvericilik təşəbbüsü dövlətin uşaq müdafiəsi siyasətinin məntiqi davamı kimi qiymətləndirilir: rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi şəraitdə uşağın təhlükəsizliyini, sağlam psixoloji inkişafını və valideyn nəzarətinin effektivliyini qanuni çərçivəyə salmaq məqsədi daşıyır".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}