Şamaxıda qətlə yetirilən Avropa çempionunun məşqçisi danışdı: “Güləşi və institutu atmışdı” - FOTO

  Şamaxıda qətlə yetirilən 25 yaşlı Ruslan Surxayevin kimliyi müəyyənləşdirilib.
Şəffaflıq.Az-ın əldə etdiyi məlumata görə, Şamaxıdakı “Yeddi Gümbəz” qəbiristanlığında 1991-ci il təvəllüdlü Orxan Hacıyev tərəfindən mətbəx bıçağı ilə öldürülən Surxayev sərbəst güləş üzrə yeniyetmə və gənclər millimizin üzvü olub.
O, ilk böyük uğurunu 2010-cu ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş yeniyetmələrin Avropa çempionatında qazanıb. Həmin vaxt Ruslan 42 kq-da qitə birinciliyinin bürünc medalını boynundan asdırıb.
İki il sonra 50 kq-da çıxış edən Ruslan Polşanın Katovitse şəhərində keçirilmiş yeniyetmələrin analoji turnirində isə bürüncü qızıla çevirib.
2012-ci ildə Bakıda keçirilmiş yeniyetmələrin dünya çempionatında isə finalda uduzaraq gümüş medalla kifayətlənib.
Ruslanın gənclər millimizdə də uğuru olub. O, 2012-ci ildə həm də gənclər millimizdə çıxış edərək dünya ikinciliyini qazanıb. Həmin dünya çempionatı Taylandın Pattaya şəhərində baş tutub.
Onun son uğuru isə 2013-cü ildə 55 kq çəki dərəcəsində indiki Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında olub. Gənc Surxayev burada Avropa çempionluğunu qazanıb.
Məsələ ilə bağlı onun şəxsi məşqçisi işləmiş Həsrət Məmmədyarovu danışdırdıq. Yaxınlarda ürəyindən əməliyyat keçirmiş yeniyetmə və gənc qızlardan ibarət millimizin böyük məşqçisi Məmmədyarov bunları dedi:
“Mən də bu məlumatı saytlardan bilmişəm. Hadisənin necə olması barədə məlumatım yoxdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuyurdu. Şamaxıdan olsa da, Xırdalanda qalırdılar. Amma güləşdən pul qazandıqca, özünə şərait yaratdıqca bu uşaq dəyişildi. Əvvəlcə institutu atdı, sonuncu kursu oxumadı. Sonra güləşə gəlmədi. Valideynlərini də qınamaq olmur. Uşaq öz seçimini etdi”.
Məşqçisi açıqlamasa da, bizdə olan məlumata görə, Həsrət Məmmədyarov yeniyetmə və gənc qız millimizə baş məşqçi təyin olunduqdan sonra da Ruslanı gözündən qoymayıb. O, qızların məşqinə onu da cəlb edib.
Bununla belə, 2013-cü ildə gənclər arasında Avropa çempionu olması Surxayevə federasiyadan külli miqdarda pulun gəlməsi və nəticədə idmançının “hər şeyim var, mənə güləş, məşq lazım deyil” düşüncəsi ilə yanaşmasına səbəb olub. O bu gedişatla idmandan tamam kənarlaşıb və səsi tez-tez davalarda, münaqişələrdə eşidilib.
Təbii ki, məsələni istintaq araşdıracaq və bu yazı ilə əsla günahın Ruslan Surxayevdə olduğunu iddia etmirik. Səbəbindən asılı olmayaraq, Orxan Hacıyev özündən dörd yaş kiçik Ruslan Surxayevi bıçaqlayıbsa, Azərbaycan qanunlarına görə cəzasını çəkməyə borcludur.Oxu.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}