Fələstin səfirliyi “Əsrin sövdələşməsi”ni qondarma sənəd hesab edir

 Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi İsrail-Fələstin münaqişəsinin nizamlanmasını nəzərdə tutan “Əsrin sövdələşməsi” sənədi ilə bağlı açıqlama yayıb.

Səfirlikdən APA-ya daxil olan açıqlamada bildirilir ki, dünən ABŞ Prezidenti və İsrail Baş nazirinin iştirakı ilə beynəlxalq hüquqa, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi 160-dan çox qətnaməyə açıq-aşkar zidd olan “Əsrin sövdələşməsi” adlı qondarma sənəd təqdim olunub.

Açıqlamada qeyd olunur ki, sənəd İsrailin siyasi spektrindəki ultra sağ qüvvələrdən ibarət koalisiyasının ideoloqları və Netanyahunun təxəyyülünün məhsuludur, ABŞ-ın hazırkı prezidentinin administrasiyası isə bu sənədin qəbulunu daha da təşviq edib.

Səfirlik bəyan edir ki, sözügedən sənəddə Fələstinin tarixi torpaqlarında qeyri-qanuni fəaliyyətin davam etdiriləcəyi ehtiva olunur.

Açıqlama Fələstin lideri Mahmud Abbasın sitatı ilə yekunlaşır: “Mən Trampa və Netanyahuya demək istəyirəm. Qüds satılmır, bizim bütün hüquqlarımız satılmır. Sizin sazişiniz və konspirasiyanız keçməyəcək”.

Qeyd edək ki, ABŞ-ın hazırkı Administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}