Əsas Səhifə > SİYASƏT > Fələstin səfirliyi “Əsrin sövdələşməsi”ni qondarma sənəd hesab edir
Fələstin səfirliyi “Əsrin sövdələşməsi”ni qondarma sənəd hesab edir29-01-2020, 16:10 |
Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi İsrail-Fələstin münaqişəsinin nizamlanmasını nəzərdə tutan “Əsrin sövdələşməsi” sənədi ilə bağlı açıqlama yayıb. Səfirlikdən APA-ya daxil olan açıqlamada bildirilir ki, dünən ABŞ Prezidenti və İsrail Baş nazirinin iştirakı ilə beynəlxalq hüquqa, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi 160-dan çox qətnaməyə açıq-aşkar zidd olan “Əsrin sövdələşməsi” adlı qondarma sənəd təqdim olunub. Açıqlamada qeyd olunur ki, sənəd İsrailin siyasi spektrindəki ultra sağ qüvvələrdən ibarət koalisiyasının ideoloqları və Netanyahunun təxəyyülünün məhsuludur, ABŞ-ın hazırkı prezidentinin administrasiyası isə bu sənədin qəbulunu daha da təşviq edib. Səfirlik bəyan edir ki, sözügedən sənəddə Fələstinin tarixi torpaqlarında qeyri-qanuni fəaliyyətin davam etdiriləcəyi ehtiva olunur. Açıqlama Fələstin lideri Mahmud Abbasın sitatı ilə yekunlaşır: “Mən Trampa və Netanyahuya demək istəyirəm. Qüds satılmır, bizim bütün hüquqlarımız satılmır. Sizin sazişiniz və konspirasiyanız keçməyəcək”. Qeyd edək ki, ABŞ-ın hazırkı Administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur.
Geri qayıt |