Su qiymətinə satılan enerji içkiləri müəmması - ARAŞDIRMA

 

Hər gün yeni adda, yeni formada həyatımıza daxil olan enerji içkiləri barədə şübhəli məqamlar artmaqdadır. Dəmir qablara doldurulmuş bəzi enerji içkiləri marketlərdə hətta 49 qəpiyə qədər ucuzlaşıb. Təxmini hesablamalarla həmin içkilərin hazırlanma, idxal, marketlərə gətirilmə və sair xərclərini əlavə etsək satıldığı qiymətin nə qədər aşağı olduğunu demək o qədər də çətin deyil. Belə olan halda enerji içkilərinin nə üçün bu qədər ucuz olması müəmmalı qalır. Yüksək miqdarda taurin və kofein maddəsi qatılan bəhs etdiyimiz içkilər səbəbilə dünyada ağır xəstəliklərə tutulma halları da çoxalıb. Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlanmışdır.

Ekspert bildirib ki, zərərli olsa belə bu içkiləri ölkədə qadağan etmək mümkün deyil: "Qeyd edim ki, bu sahədə böyük məbləğdə pullar dövr edir. Ona görə, heç bir dünya ölkəsi enerji içkilərinin qadağan edilməsində maraqlı deyil. Mən hətta, keçən dəfə bu cür içkilərin apteklərdə satıldığının şahidi oldum. Hələ də ofisdə saxlayıram. Onun tərkibindəki taurin və kafein maddələri o biri enerji içkiləri ilə müqayisədə qat-qat artıqdır. Bu axı doğru deyil. Biz hazırda enerji içkilərinin reklamının qadağan edilməsi istiqamətində işlər görürük. Mənim bildiyimə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də yanvar ayından başlayaraq enerji içkiləri barədə tədbirlər görəcək”.

Ölkəmizdə enerji içkilərinə hansı məhdudiyyətlərin qoyulacağı və daha az təhlükə yayması üçün hansı tədbirlərin görülməsi barədə məlumatları öyrənmək üçün AQTA-nın mətbuat xidməti ilə əlaqə saxladıq.

Agentlikdən verilən məlumatlara görə, 2020-ci ilin yanvar ayının 1-dən ölkəmizdə “enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minir: “Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 400 mq, inozitol 20 mq, qlükoronolakton 250 mq, kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.

Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

2020-ci ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qayadalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaqdır”.

Bəzi enerji içkilərinin 49 və ya 70 qəpiyə satılması məsələsini isə marketoloq Ülvi Hüryanlı ilə danışdıq. Marketoloq Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bəhs edilən enerji içkilərinin qiymətinin 2 manatdan 70 qəpiyə qədər düşməsi rəqiblərə üstün gəlmə strategiyasıdır:

"Həmin şirkətlər bir müddətdən sonra qiymətləri qaldıra bilərlər. Marketinq strategiyasına əsasən şirkətlər bir neçə ay və daha çox müddətdə gəlir olmadan işləyə bilirlər. Qiymətlərin aşağı düşməsi ilə həmin məhsulların tərkibi dəyişdirilmir. Çünki, həmin enerji içkiləri sertifikatla həm də standartlara uyğun olaraq hazırlanır. Yəqin ki, üzərində yazılandan fərqli bir tərkibdə hazırlanmaz. Çünki, həmin məhsullar yoxlanmadan bazara buraxılmır”.

Enerji içkilərinin insan orqanizminə zərərləri

Dünyanın bütün ölkələrində enerji içkiləri səbəbilə xəstələnən hətta dünyasını dəyişən insanların olması heç kəsə sirr deyil. Ən çox ürək damar xəstəliyinə yol açan enerji içkilərinin zərərləri barədə kardioloq Günay Rəhimova ilə əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, bəhs edilən içkilərə ehtiyac olmadan hər insan bədənində depo şəkildə enerji var: "Enerji içkiləri insan bədənindəki depo şəkildəki enerjinin bütün hissəsini sərf edib orqanizmə paylayır və nəticədə 1-2 saat sonra bədənə enerji lazım olduqda orqanizm həmin enerjini heç yerdən tapa bilmir. Daha sonra orqanizmdə ciddi yorğunluq, halsızlıqlar baş qaldırmağa başlayır. Bu içkilər səbəbilə ürək-damar xəstəliyinə yoluxan pasientlərimiz həddindən çoxdur. Bu içkilərin təsiri nəticəsində damarda ciddi spazmlar yaranır və bu da infakta gətirib çıxarır. Xüsusilə enerji içkiləri səbəbilə baş qaldıran xəstəliklərin müalicəsi olduqca çətin olur.  Həmçinin qeyd etmək istəyirəm ki, enerji içkilərinin qablarının üzərində bir çox vitaminlərin olduğu qeyd edilir. Ancaq, həmin vitaminlərin orada olub olmaması da bəlli deyil. Digər tərəfdən də bəhs edilən vitaminlər və maddələr ora əlavə edilibsə belə, ciddi şəkildə yoxlanıldıqdan sonra edilməlidir. Çünki, bəzi maddələr qarışdıqda zərərli maddəyə çevrilə bilir".

Şəffaflıq.az







Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}