Rezidenturaya qəbul imtahanında iştirak üçün qeydiyyat başa çatır


Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırılıb ki, SQK-lar saat 17:00-dək fəaliyyət göstərirlər.

1 may saat 09:10-a olan məlumata əsasən, 1 774 namizəd (Azərbaycan bölməsi - 1400; rus bölməsi – 374) imtahana yazılıb.

1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr DİM tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2023, səh. 2).

3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra tələb olunan sənədləri SQK-ya (Bakı şəh., H.Əliyev küçəsi 299) təqdim etməklə qeydiyyatdan keçdikdən sonra buraxılacaqlar.

4. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}