Xanım İsmayılqızı: “Kliniki ölüm keçirdim, o anda gördüklərim ayılandan sonra məni heyrətə gətirmişdi” - FOTO


Şairə, bəstəkar Xanım İsmayılqızı: “Hətta fəsillər də ruhumuzun öz fəslinə toxunur. Bədənin zədələnsə dərmanla sağaldarsan, çirklənsə yuyarsan təmizlənər, amma ruhu sağaltmaq və ya təmizləmək mümkün deyil”

Bu gün yaşadığımız həyat nəticəsində ruhumuzun mənəvi cəhətdən daha çox qidalanmasına ehtiyac duyuruq. Bəs ruh nədir? “Kaspi” qəzeti şairə, bəstəkar Xanım İsmayılqızı ilə bu ruh haqqında söhbətləşib.

- Çexov deyir, ruh qəribə şeydir. Harada olduğunu heç kim bilmir, amma necə ağrıdığını hamı hiss edir. Sizcə, ruh nədir, haradadır?

- Ruh Allahın nişanəsidir. Doğulan yox, göndəriləndir. Onun ağrısı da ağrıların ən zirvəsi və dözülməzidir. Ruh da Təkdir. Ruh bu dünyanda səninlə, o dünyanda sənsiz yaşayandır. Ruh həm burada, həm orada səni yaşadandır. Bizi ən son tərk edən də ruhumuzdur. Bütün orqanlar sırayla bizdən üz döndərər, ruh isə ən sonuncu gedəndir. Getsə belə, müqəddəsimizə qovuşan, yaradanına qayıdan, bizdən kimlərəsə xəbər aparıb-gətirən, yuxularda bizi sevdiklərimizlə görüşdürəndir. Hərdən mənə elə gəlir ki, ruhum beynimin içindədir, ürəyimdən boylanır, nəfəsimdədir, gözlərimə hopur, olmayanları olduğu kimi göstərə bilir, xəyala çəkir, xatirələrə aparır. Həm də ən etibarlı dostumdur. Bəlkə də bu halları çoxu yaşayır. Kimsə fərqinə varır, kim isə yox.

- Ruh halı nədir? Nədir onu dəyişdirən?

- Ruhun o qədər halı var ki... Məhz bu hallar bizim həyatımızın rənglərini ömrümüzə çəkir. Orqanizmimiz elə bir mexanizmdir ki, onun açarı ruhdadır. Vücudumuz ruhumuzdan qidalanır, havalanır, nəm çəkir və çiçəkləyir. Mənəviyyatımızdakı dəyişikliklər ruhumuzun işidir. Onu dəyişdirən ətrafdan gələn gözəgörünməz zərbələr, enerjidir. Hətta fəsillər də ruhumuzun öz fəslinə toxunur. Bədənin zədələnsə dərmanla sağaldarsan, çirklənsə yuyarsan təmizlənər, amma ruhu sağaltmaq və ya təmizləmək mümkün deyil.

- Deyirlər, cisim ölsə də, ruh ölmür, əbədiyaşardır. Amma bir ifadə də var, çox yorğun olanda (xüsusən də mənəvi yorğunluq) “ruhum ölüb” deyirlər.

- Biz insanlar uşaqlıqdan qocalığa kimi nədənsə küsürük, nəyəsə üsyan edirik. Bəzən bu üsyanlar qışqırıq, ağlamaq, çırpınmaq formasında olur və eşidilir. Ruh isə etirazını əlamətlərlə – həyata küskünlük, yorğunluq, üsyankarlıq, tənhalıq və s. ilə bildirir. Allah gözə görünmür, ruhumuz da gözəgörünməzdir. Ümumiyyətlə, gözə görünməyənlər görünənlərdən daha böyük, daha güclü, daha ilahidir. Hisslərimiz də eləcə. Bədənimizin digər orqanlarından fərqli olaraq ruhumuzun küsməyi bütün varlığımızı axsadır. Ağlı xəstələnən adama ruhi xəstə deyirlər. Poetik dildə desəm, ruhla cisim bədən deyilən mexanizmin atası ilə anası kimidir. Biri axsayanda, o biri yetimləşir.

- Ruhun insanın həyat yoluna, bəxtinə təsiri varmı?

- Əlbəttə, əsaslı təsiri var. “Alın yazımız necədirsə, bəxtimiz də odur” fikri bizim təsəllimiz, özümüzü başımıza gələnlərdən kənara çəkmək təşəbbüsü, cavabdehliyimizi azaltmaq vərdişidir. Ruha təmiz qida verməyəndə o da zəhərlənə bilir və tək bizi yox, həyatımızı, ailəmizi, ətrafımızı, gələcəyimizi zəhərləyir. Biz Allahın bəndəsi, ruhumuz da bizim Allahımızdı. Ruhumuzla Allaha yaxınlaşırıq. Bu qədər müqəddəsliyə sahib olduğumuzu unutmasaq ruhumuz da sevinər. "Sağlam bədəndə sağlam ruh olar" deyirik. Sağlam ruhla da bəxtə işıq düşür, ömür aydınlığa çıxa bilir. Cerri Çukerin çəkdiyi "Ruh" filmində olduğu kimi eyni hissləri yaşamışam və hiss etmişəm. Dünyasını dəyişən əzizimin o dünyadan mənə təsiri, işarələr göndərməsi, xəbərdarlıqları, təskinlik verməsi. Yəni bunlar var, mövcuddur.

- Yaradıcı adamların ruhu bir başqa olur, deyirlər. Siz necə fikirləşirsiniz?

- Yaradıcı adamların ruhunun görmə bucağı fərqlidir, hissiyyatları daha qabarıqdır. "Üçüncü göz" deyilən mistik anlayış var. Digərlərindən fərqli görənlərin, hiss edənlərin gözüdür bu. Hər şeyi daha çılpaqlığı, dərinliyi, aydınlığı ilə görüb, duyub həzm etmək, bu və ya digər formada onu üzə çıxarmaq, ifadə etmək. Ona görə də çoxluqda deyil, azlıqda olanların həm özünə, həm ətrafına, həm də cəmiyyətə təsiri başqadır. Salvador Dalinin həm özü, həm yaratdıqları ruh halının nələrə qadir olduğunun birbaşa nümunəsidir... 1980-ci ilin qış ayları idi. Evdə dəm qazından zəhərlənərək kliniki ölüm keçirmişdim və o anda gördüklərim ayılandan sonra məni heyrətə gətirmişdi. Ruhumun gördükləri ilə həqiqətdə olanlar eyni idi. Məni geri qaytarmaq üçün həyat yoldaşımın çabalarını, süni nəfəs verməsini, uşaqların necə ağladıqlarını, döşəmədə uzanıqlı vəziyyətdə qaldığımı kənardan görmüşdüm. Ruhum bədənimdən çıxsa da, bu mənzərəyə dözə bilməyib qayıtdı sanki. Özüm öz səsimə diksinmişdim. Ağlaya-ağlaya gözlərimi açmışdım. Amma bu qayıdışa çox sevinmişdim. Bir dəfə də belə hal olmuşdu. Yəni ruhum o dünyaya yol almışdı. Amma budəfəki fərqli idi. Dar tunellə, çox böyük sürətlə dibə doğru uçurdum. Qəfildən harasa dəyib dayandım, qarşımda cənnət görünüşündə bir mənzərə açıldı. Bütün bu hadisə bəlkə də bir saniyə və ya bir dəqiqədə baş vermişdi. Amma o qədər uzun görünmüşdü ki. Həkimlər üzümə sillə vuran zaman ayılıb, qayıtmağıma çox peşman olmuşdum.

- Şeirlərinizin, bəstələrinizin ruhunu canlarına necə üfürürsünüz? Hansı duyğular nota, sözə – ruha çevrilə bilir?

- Şeirlər də, nəğmələr də əslində elə ruh kimidirlər. Ruhun müxtəlif halı, nəfəsi və üzüdür. Ələ gəlmirlər, sözə, səsə gəlirlər. Sadəcə mən bir vasitəçiyəm, ötürücüyəm, çatdıranam. Hər şey bir anda baş verir, duyğulanıram, ruhlanıram və çevrilmə baş verir. Şeirlərim də, musiqilərim də ruh halımın şəklidir. O anda necə olursa, ondan doğulan da elə olur. O qədər sözə, nəğməyə çevrilmədən ölən hisslərim olur ki. Bu, izahedilməz bir prosesdir. Amma o dəqiqdir ki, ruhun yaratdığı beyindən və ürəkdən qopanlardan  daha sehrli, möcüzəvidir.

- Yaradıcılığınızda ruhunuza xitablar, ruhun təsviri çoxdur. 

- Elədir. Çünki mən ruh adamıyam. Yazdıqlarımla ruhumun üzünü, halını, rəngini, vəziyyətini çəkib göstərirəm. Ruhumun zülmətinə də dözürəm, işığında da yaşayıram. Ruhumuz bizim mayakımızdır. O hara, biz də ora. 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}