Sonsuzluq bəlası: “Məişət məsələləri ilə əlaqədar ana olma planı bir neçə il gecikdirilir” - MÜSAHİBƏ + FOTO
Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında dünyada təxminən hər altı nəfərdən birinin sonsuzluqdan əziyyət çəkdiyi qeyd edilib. Təşkilatın baş direktoru bildirib ki, zəngin ölkələrdə böyüklərin 17,8%-nə, orta və aşağı gəlirli ölkələrdə isə 16,5%-nə bu diaqnoz qoyula bilər. ÜST ölkələri süni mayalandırma da daxil olmaqla sonsuzluğun qarşısının alınması, diaqnostikası və müalicəsi üçün daha əlverişli həllər hazırlamağa çağırır. Bəs Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Oxu.Az-ın bununla bağlı suallarını həkim, mama-ginekoloq Kifayət Adıgözəlova cavablandırıb. - Azərbaycanda yerli mütəxəssislər sonsuzluğun yaranmasını daha çox nə ilə əlaqələndirirlər? - Əsas səbəblərdən biri kimi hamiləliyin planlaşdırılmasında yaş həddinin artmasını göstərmək olar. Məişət məsələləri ilə əlaqədar ana olma planı bir neçə il gecikdirilir. Yaş həddi bəzi hallarda təbii olaraq qadınlarda yumurta-hüceyrələrin keyfiyyətinin aşağı düşməsinə, endometrioz, uşaqlığın mioması, keçirilmiş xlamidioz xəstəliyinin uzun müddət təsiri nəticəsində bitişmə xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır. Bu da öz növbəsində sonsuzluğu yaradan problemlərdən hesab olunur. - Heç bir qoruyucu vasitədən istifadə etmədən, qorunmadan 12 ay və daha çox müntəzəm cinsi əlaqədə olan cütlüklərdə təbii yolla hamiləlik müşahidə edilə bilmirsə, bu, birmənalı sonsuzluq deməkdir? - Bəli. 12 ay ərzində müntəzəm cinsi əlaqədə olan cütlüklər arasında təbii yolla hamiləlik baş tutmursa, bu birmənalı olaraq sonsuzluqdur. Rastgəlmə tezliyinə görə dünya əhalisi arasında 10-15% hallarda müşahidə olunur. - Hazırda Azərbaycanda sonsuzluğa görə hansı müalicə və ya həll yolları mövcuddur? - Düzgün müalicə üçün əlbəttə ki, ilk növbədə sonsuzluğu yaradan səbəb aşkar olunmalıdır. Sonsuzluğun əmələ gəlməsində bir neçə faktoru göstərmək olar ki, ilk növbədə endokrin səbəbdən yaranan sonsuzluğu qeyd etmək mümkündür. Daha sonra uşaqlıq və yumurtalıq patologiyaları, boru faktoru, genetik, psixoloji səbəblərdən qaynaqlanan hallar, idiopatik sonsuzluq kimi vəziyyətlər kifayət qədərdir. Müşahidə olunan faktorlardan yaranan sonsuzluğu aradan qaldırmaq məqsədilə həm konservativ, həm operativ müdaxilələr, lazım gəldikdə isə fizioterapiya icra olunur. Qeyd edək ki, Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq verilən məlumatda 2021-ci il üzrə Azərbaycanda 18-29 yaş daxil olmaqla 102 kişi, 759 qadının, 30 yaşdan yuxarı isə 341 kişi, 1 313 qadının sonsuzluqdan əziyyət çəkdiyi qeyd edilib. Könül Cəfərli Şəffaflıq.az
Facebook-da paylaş