Mikayıl Müşfiqin sevimli Dilbərini canlandıran aktrisa: “Səhnəyə hər çıxış mənim üçün uçuşdur” - FOTO


“Dilbər obrazının mənim payıma düşməsinə çox sevindim”.

Bu sözləri  müsahibəsi zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının parlaq ulduzlarından biri, istər uşaqlar, istər də böyüklər üçün tamaşalarda, müxtəlif səpkili filmlərdə özünəməxsus obrazlar yaradan aktrisa Aygün Fətullayeva deyib.

Son vaxtlar teatr dünyasında hadisəyə çevrilən “Kod adı V.X.A”  tamaşasında hislərini ən gözəl sevgi şeirlərinə çevirən Mikayıl Müşfiqin sevimli Dilbərini canlandıran Aygün xanım əvvəlcə bu obrazdan danışdı:

“Repressiya qurbanlarımız, haqsızlığa uğramış aydınlarımız çoxdur. Amma düşünürəm ki, ədəbiyyatımızın ən işıqlı nümayəndələrindən biri olan Mikayıl Müşfiq, onun sevgilisi Dilbər xanım bizim üçün yeri dolmayacaq bir boşluqdur. Bu tamaşada məhz Dilbər obrazının mənim payıma düşməsinə çox sevindim. Amma bu, çox məsuliyyətli bir tapşırıq idi. Dilbər hamının tanıdığı, sevdiyi xanımdır. Mən də tanısam da, onun təkadamlıq kamerada yaşadıqlarını, çətinliklərini bilmirdim. Tamaşanın rejissoru Mehriban Ələkbərzadə Dilbər xanım, onun gözəlliyi, Müşfiqin ona bənzərsiz sevgisi haqqında danışdıqca mənə necə böyük bir məsuliyyəti həvalə etdiyini dərk edirdim. Tamaşada Dilbərin bir səhnəsi var. Orada onun repressiya dövründə yaşadıqları, Müşfiqsiz günləri, dəlilik səviyyəsinə çatması eyni vaxtda görünməli idi. Mehriban xanım onun bütün bu hallarını o kiçik səhnəyə sığdıra bildi. Mən premyeradan öncə Dilbər xanımın qızı Leyla Axundzadə ilə də görüşdüm. Sanki anasının enerjisini ondan aldım və səhnəyə çıxdım. Bu cür böyük teatr hadisəsində payıma Dilbər obrazı düşdüyünə görə çox xoşbəxtəm”. 

Aygün xanım teatr səhnəsi qədər film sektorunda da kifayət qədər uğurlu aktrisadır. Aktrisanın digər bir aktrisanı canlandırması da ayrıca istedad tələb edir:

“Onun qəribə taleyi. Amaliya Pənahova” sənədli filminə dəvət alanda onun bütün filmlərini, tamaşalarını izlədim, müsahibələrini, haqqında yazılan kitabı oxudum. Çox həyəcanlanmışdım. O cür aktrisanı canlandırmaq çətin idi. Çünki o, teatr tariximizdə xüsusi dəst-xətti olan aktrisa idi. Mən nəyisə bir az çox etsəydim, bu artıq falş olacaqdı, az da olsa, deyəcəkdilər ki, o deyil! Ona görə də çalışırdım qızıl ortanı tutam. Tamaşa yox, sənədli film çəkildiyindən Amaliya xanımı həyatda necə idisə, o cür də oynamalı idim. İlk kadrlar “Nişanlı qız” tamaşasından Zərifə obrazının güzgünün qarşısındakı kadrı ilə başladı. Amaliya xanımın oğlu İlqar Muxtarov “o güzgünün qarşısındakı baxışınız anamın baxışı idi” dedi. Mən çox kövrəldim. Onun ailəsindən bunu eşitmək çox xoş idi. Əgər oğlu bunu hiss edibsə, deməli, alınmışdı”. 

“Teatr aktyorun özündən başlayır” deyir aktrisa:  

“Aktyor özü teatra aid olmalı, özündə onu daşımalıdır, lap teatrdan kənarda olanda belə. Teatr aktyoru olmaq hələ onu yaşamaq demək deyil. Mənə elə gəlir ki, aktyor ruhən də, varlığıyla da teatral adam olmalıdır. Səhnə bunu hiss edir. Aktyor səhnəylə arasında olanı qapını bağlamamalı, həmişə açıq saxlamalıdır. Onunla olan ünsiyyət, rabitə kəsilməməlidir. Səhnə aktyor üçün köhnəlməməli, yadlaşmamalıdır. Səhnə canlıdır, nəfəs alır. Mən bunu hiss edirəm. Səhnə, aktyor və tamaşaçı arasındakı enerji mübadiləsi də çox vacibdir. Əgər tamaşaçı enerji ötürmürsə, sanki səhnə də, səhnədəki aktyorlar da boğulur. Ola bilər ki, bunu hamı hiss etmir. Amma səhnənin ritmini tutanlar, o ritmlə yaşayanlar, yəqin ki, bunu duyurlar. Bir də səhnə ona xəyanət edənlərə, sadiq olmayanlara yadlaşır, onları özündən uzaqlaşdırır”.

Həm teatrı, həm kinonu çox sevən Aygün xanım tamaşalar olmayanda darıxır:

“Bircə həftə tamaşam olmayanda darıxıram. Hətta məşqləri çox ağır, uzunmüddətli keçən tamaşalardan sonra dincələcəyimi düşünsəm, fiziki olaraq bədənim bunu tələb etsə belə, işi təhvil verən kimi başqa bir yeni tamaşada oynamaq istəyirəm. Çünki bu, artıq mənim həyat enerjimə çevrilib. Olmayanda olmur. Əminliklə deyirəm ki, mənə teatrsız mümkün deyil. Eynilə filmdə də elədir. Uzun müddət çəkiliş olmayanda kameralar üçün darıxıram. Həm də qorxuram ki, yadırğayaram. Film bizi daha böyük kütləyə çatdırır. Amma teatr daha genişdir. Burda daha böyük nəfəs üçün imkanlar var. Tamaşa günü gecədən sübhə qədər düşünürəm: “Nəyi necə yaşadım? Özümlə o obraz balansdaydımı? Özüm nə qədər həqiqi idim? Özüm özümə inanırdımmı?” Sanki özüm-özümə hesabat verirəm”.  

“Teatrda bu gün çox şey yaxşıdır” deyir aktrisa:

“Hamı can qoyur, hamı istəyir ki, ən yaxşı səviyyədə olsun teatrımız. Bəzən bizdən əvvəlki nəsil aktyorlar teatrın atmosferinin dəyişdiyini deyirlər, amma mən gələn gündən sehrin içindəyəm. Səhnəyə hər çıxış mənim üçün uçuşdur. Özümü güclü hesab edirəm, nəyisə etmək istəsəm edərəm. Amma son dövrlərdə bədənim və ruhumla həmahəng olmaq arzusundayam. Məsələn, “Qu gölü” baletində “Qu” obrazını canlandırmaq, balerina kimi səhnədə uçmaq istərdim. Bu, bir harmoniyadır”.

Aygün xanım bizimlə başqa düşüncələrini də bölüşdü:

“İnsanlar heç ölməyəcəkmiş kimi yaşayırlar. Bütün baş verənlər bunun fonunda hərlənir. İstərdim ki, insanlar unutqan olmasınlar, keçmişlərini, onlara yaxşılıq edənləri, haradan gəlib, hara və necə düşdüklərini unutmasınlar. Bir-birlərinə qarşı diqqətli olsunlar. Möcüzə etmək imkanım olsaydı, qoymazdım müharibələr olsun. İstərdim ki, insanlar bərabər yaşasın, uşaqlar eyni cür xoşbəxt olsunlar. Təyyarə uçan zaman qorxan yox, sevinən uşaqların olduğu dünya istərdim”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}