“Sumqayıt”la sabiq məşqçisi Elnur Çodarov arasındakı məhkəmənin ilk iclası olub


“Sumqayıt” klubu və sabiq məşqçisi Elnur Çodarov arasında Beynəlxalq İdman Arbitaj Məhkəməsində (CAS) ilk iclas keçirilib.

Bu barədə 42 yaşlı mütəxəssis məlumat verib.

O bildirib ki, dünən günorta saatlarında onlayn şəkildə baş tutan iclas 3 saat davam edib: “CAS hər iki tərəfə qulaq asdı. Ancaq heç bir qərara gəlmədi. Qanuna əsasən, yekun qərar bundan sonra maksimum 4 ay ərzində verilməlidir. Bu bir ay da çəkə bilər, dörd ay da. Dedilər ki, hər iki tərəfin təqdim etdiyi sənədlər yenidən araşdırılacaq və ondan sonra yekun söz deyiləcək. Yəqin ki, nəticəni elektron məktub vasitəsilə göndərəcəklər”.

Hazırda “Turan Tovuz”da baş məşqçi Ayxan Abbasovun köməkçiliyini edən Çodarov işinə ingiltərəli vəkillərin baxmasının səbəbini də izah edib. Mütəxəssis həmin vəkillərin CAS tərəfindən seçildiyini söyləyib: “Vəkil tutmaq üçün xərc çəkməlisən. Ancaq CAS-da belə bir bənd var ki, bunu qarşılamaq imkanı olmayanlara havayı vəkil təklif olunur. Əgər əlavə pul vermək gücündə olmadığını əsaslandıra bilsən, CAS bu öhdəliyi öz üzərinə götürür. Mənim maddi durumumu da götür-qoy etdikdən sonra işimi aparmaq üçün iki vəkil ayırdılar”.

E. Çodarov məhkəmədən qalib ayrılsa, 4 aylıq maaşı ilə yanaşı, əlavə xərcləri də “Sumqayıt” klubu tərəfindən qarşılanacaq: “Tələbim 4 aylıq maaşımın verilməsidir. Həmçinin, əlavə pul ödəmişəm. CAS-a müraciət eləmək əlavə xərc tələb edir. Tərcüməçi pulu, sənədlərin tərcümə olunması, yığılması üçün vəsait lazımdır. Əgər məhkəməni udsam, “Sumqayıt” 4 aylıq maaşımla bərabər, bu pulu da ödəyəcək”.

Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”da istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli şəkildə sözləşməyə xitam verib. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi 2022-ci il martın 17-də onu haqlı saysa da, bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}