Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. - Başa çatan ili Azərbaycan idmanı üçün necə dəyərləndirmək olar? Nəzərə alsaq, 2022-ci il bir sıra beynəlxalq idman yarışları ilə əlamətdar olub və siz nazir kimi tam bir il vəzifədə olmusunuz... - Öncə, sizə marağınız üçün minnətdarlığımı bildirirəm. Çox doğru vurğuladınız ki, başa çatmaqda olan 2022-ci il mənim nazir kimi fəaliyyətdə olduğum tam təqvim ili olacaq. 2021-ci ilin sentyabr ayında bu vəzifəyə təyin olunmuşam. İlin yekunlarına gəlincə, artıq müəyyən analizlər etməyə başlamışıq, düşünürük ki, Azərbaycan idmanı üçün uğurlu il alınıb. İdmançılarımız irimiqyaslı yarışlarda iştirak etdilər. Azərbaycanda böyük yarışlar keçirildi. Ümumiyyətlə, idmançılarımızın nəticələrinə baxdıqda görərik ki, bu il bir neçə sahədə ilklərlə yadda qaldı. Müxtəlif idman növlərində idmançılarımız ilk dəfə medallar qazandılar. Bura Avropa və dünya çempionatları da daxildir. Demək olar ki, hər bir federasiya bu il qazandığı yeni uğurları ilə fəxr edə bilər. Olimpiya növlərində bütün federasiyaların hədəfi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya əldə etməkdir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq sonuncu Olimpiada 2020-ci ildə deyil, 2021-ci ildə keçirildi. Bizim vaxtımız da azdır. Əvvəlki kimi 4 yox, 3 il vaxtımız var vəsiqələr qazanmaq üçün. Amma hesab edirəm ki, hətta bütün neqativliklərə, dünyanı cənginə alan COVID-19-a rəğmən federasiyalarımız öz işlərini düzgün qura bildilər. Doğrudur, növbəti il bundan da çətin olacaq, amma belə getsə, düşünürəm ki, nəticələrimiz daha da yaxşılaşacaq. Şəffaflıq.az
Facebook-da paylaş