Türkiyə və Pakistanın parlament sədrləri Fəxri və Şəhidlər xiyabanını ziyarət edib
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətləri iyulun 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Şəffaflıq.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Nümayəndə heyətlərinin üzvləri, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Qonaqlar abidənin önünə əklil qoyaraq türk şəhidlərinin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazıb.
Facebook-da paylaş