Xarkovda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq
Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı Azərbaycanın Ukraynada Səfirliyi ilə Xarkov Şəhər Şurası arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov imzalayıblar.
Anlaşma Memorandumunun imzalanma mərasimindən əvvəl çıxış edən İqor Terexov bildirib ki, azərbaycanlı soydaşlarımız Xarkovun inkişafında, bu şəhərdə həyata keçirilən bir çox sosial əhəmiyyətli layihələrdə fəal iştirak edirlər. Belə layihələrdən biri də Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun müəllifi olduğu Nizami Gəncəvinin abidəsinin ucaldılmasıdır.
“Adları dünya tarixinə qızıl hərflərlə yazılmış insanlar var. Belə şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin açılışı təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisə olacaq”, - İqor Terexov əlavə edib.
Onun sözlərinə görə, abidə demək olar ki, hazırdır və sentyabrın 1-dək heykəlin açılışı gözlənilir.
Səfir Elmira Axundova çıxışında qeyd edib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək, Ukraynanın Xarkov şəhərində mütəfəkkirin heykəli ucaldılacaq.
“Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. Bu dəstəyə görə Xarkov Şəhər Şurasına təşəkkürümü bildirirəm. Nizami Gəncəvinin abidəsinin Xarkovda ucaldılması tarixi hadisədir”, - E. Axundova vurğulayıb.
Səfir deyib ki, Ukrayna atdığı addımlarla Azərbaycanın yanında olduğunu sübut edib: “Biz bunu Azərbaycanın 44 günlük Vətən müharibəsində də şahidi olduq. Ukrayna dövləti Azərbaycanın haqlı mübarizəsini dəstəklədi, Ukrayna mətbuatı müharibə haqqında obyektiv məlumatlar yaydı”.
E.Axundova həmçinin qeyd edib ki, Xarkov və Gəncə şəhərlərinin qardaşlaşması üçün müzakirələr aparılır və yaxın gələcəkdə bununla bağlı sazişin imzalanması gözlənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Facebook-da paylaş