Şəhidimizin adını daşıyan övladı rayonda qarşılandı.-FOTO

İsmayıllı rayonundan olan Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin 3 mart 2021-ci il tarixində öz adını daşıyan oğul övladı dünyaya gəlib. Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib.

Şəffaflıq.az xəbər verir ki,16 Mart 2021-ci il tarixində şəhidin övladı İsmayıllı rayonunda qarşılanıb. Balaca Ramili  İsmayıllı Rayon İcra Hakimiyyətinin , İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin əməkdaşları, həmçinin şəhidin ailə üzvləri , qohumları qarşılayıb. İlk öncə şəhidin məzarı ziyarət edilib, şəhidin ruhuna dualar oxunub. Bundan sonra balaca Ramil yeni tikilmiş evinə gətirilib. Onun şərəfinə qurbanlar kəsilib.Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub.  R. Musayev Vətən müharibəsində xüsusi Təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 03 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Fizulinin azad olunmasına” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidlərimiz daim ehtiramla yad edilir, onların ailələrinə mütəmadi baş çəkilir, mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bütün şəhid övladları kimi yeni doğulan körpə qəhrəmanımız da daim qayğı ilə əhatə ediləcəkdir. Balaca Ramilin müstəqil, azad, bütöv Azərbaycanda xoşbəxt və firavan böyüməsi üçün dövlət səviyyəsində bütün tədbirlər görüləcəkdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi hər zaman şəhid ailələrini və qaziləri diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.

Dəyanət İsmayılov.  
İsmayıllı Rayon
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}