Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub


 

Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Şəffaflıq.az "Oxu.az"-a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycan ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, ordumuzun bu müharibədə qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

General-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə, həmçinin ölkəmizə göstərilən humanitar yardıma və mənəvi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən general N.Raza azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu bir daha diqqətə çatdırıb. General həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensialın olduğunu bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}