Şamaxıda dini etiqad azadlığı mövzusunda konfransın iştirakçıları məscid və ziyarətgahlarda olublar
Şamaxıda keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransının iştirakçıları Şamaxı Cümə və İmamzadə məscidlərini və Pirsaat Baba ziyarətgah-məscid kompleksini ziyarət ediblər. Şəffaflıq.az xəbər verir ki, ilk ziyarət edilən Cümə məscidinin axundu Mərəhmət Mustafayev media nümayəndələrinə məscidin və Şamaxının tarixi haqqında danışıb. O diqqətə çatdırıb ki, Şamaxı Azərbaycanın seysmik bölgələrindən biridir: “Burada indiyə qədər dörd böyük, dağıdıcı zəlzələ olub. Şamaxılılar belə bir ifadə işlədirlər: "Cümə məscidinin altında üç Şamaxı var". Cümə məscidində arxeoloji qazıntılar zamanı ortaya çıxan qədim mədrəsənin qalıqları hazırda qorunur. Şamaxının 3500 ildən yuxarı şəhərsalma tarixi var". İmam əlavə edib ki, Şamaxı şəhər Cümə məscidi Qafqazın ən qədim yaşı olan ikinci məscididir: "1300 il bundan əvvəl məscidin var olması, qoruması yerli əhalinin əməyidir. 1918-ci il Azərbaycanlıların soyqırımı zamanı məsciddə 1500-2000 insan diri-diri yandırılıb. Cümə məscidinin divarları bu faciənin şahididir". M.Mustafayev əlavə edib ki, turizm mövsümündə xüsusilə bazar günləri 1000-dən çox turist məscidi ziyarət edir: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Hər məsciddə bir kitabxana" layihəsi çərçivəsində Şamaxı Cümə məscidində də kiçik kitabxana təşkil edilib və artıq ziyarətçilərin istifadəsindədir. Burada təkcə dini ədəbiyyat deyil, Azərbaycan və dünya ədəbiyyatından elmi-bədii əsərlər də mövcuddur". Növbəti ziyarət Şamaxı İmamzadə məscidinə edilib. Məscidin imamı Hacı Elşən Rüstəmov jurnalistlərin diqqətinə çatdırıb ki, məscid 1370-ci ildə tikilib: "Burada 50 il bundan əvvəl arxeoloji qazıntılar aparılıb. Arxiv sənədlərində bütün məlumatlar yer alıb. 1918-ci il qırğınları zamanı məsciddə yandırılan insanların qalıqları burada dəfn edilib. Onlar üçün Azərbaycan Xalq Cümhuriyyəti dövründə məzar daşı da qoyulub. Hazırda məscid bərpa edilir". E.Rüstəmov bu məsciddə də kiçik kitabxana qurulduğunu bildirib: "Qədimdə bütün məscidlərdə kitabxana olub. Bunu tarixi məlumatlar da sübut edir. İmamzadə məscidində də bu ənənəni artıq yaşadacağıq". Mediaturun sonuncu ünvanı Şamaxı rayonunda yerləşən Pirsaat Baba ziyarətgah-məscid kompleksi olub. QMİ-nin Şirvan bölgəsi üzrə qazısı Hacı Mərəhmət Mustafayev bildirib ki, kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub və yeni məscid binası inşa edilib: "2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılmışdı. Məsciddə qadınlar və kişilər üçün ibadət və mərasim zalları inşa olunub. Ziyarətgah-məscid kompleksinin ətrafında geniş abadlıq-yaşıllaşdırma işləri görülüb". Mediaturla bərabər konfransın ikinci günü də başa çatıb. Qeyd edək ki, “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusuna həsr edilmiş konfrans "Global Media Group"un media dəstəyi ilə keçirilib.
Facebook-da paylaş
